Yunis Orucov
Quick Facts
Biography
Yunis Qurbanəli oğlu Orucov (21 dekabr 1977(1977-12-21), Zəngibasar rayonu) — Azərbaycan jurnalisti, "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində informasiya proqramları studiyasının direktor müavini
Həyatı
Yunis Orucov 1977-ci il dekabrın 21-də Ermənistan SSR-nin Masis rayonunda (keç. Zəngibasar, daha əvvəl isə Uluxanlı) anadan olub. 1984-cü ildə ailəsi ilə Azərbaycana köçüb, əvvəlcə Şirvan, daha sonra Bakı şəhərində məskunlaşıblar. Yunis Orucov Şirvan şəhərindəki 13 saylı orta məktəbin məzunudur.
1994-cü ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin tarix fakültəsinə daxil olan Yunis Orucov 1998-ci ildə bakalavr, 2000-ci ildə isə magistr pilləsini bitirib. "Türk xalqlarının mədəniyyəti XI-XV əsrlərdə" mövzusunda magistr dissertasiyası müdafiə edib.
2001-2002-ci illərdə Azərbaycan silahlı qüvvələrində hərbi xidmət keçib.
Əmək fəaliyyəti
Yunis Orucov tələbəlik illərindən mətbuata gəlib. Onun ilk iş yeri "Yeni Azərbaycan" qəzeti olub. 10 ilə yaxın bu qəzetdə çalışan Yunis Orucov o illəri jurnalislik fəaliyyətində böyük və məhsuldar dövr adlandırır.
90-cı illərin sonundan başlayaraq qəzetdə bir çox mövzularda maraqlı məqalələri dərc olunan Yunis Orucov 2006-cı ildən televiziyada fəaliyyət göstərir. Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) müxbir, şef-redaktor, sonra baş redaktorun müavini olan Yunis Orucov hazırda informasiya proqramları studiyasının direktor müavinidir. O, xəbər işi ilə yanaşı, ictimai-siyasi, iqtisadi, sosial və mədəniyyət mövzularında bir çox sənədli televiziya filmlərinin ssenari müəllifidir. O, həmçinin "Jurnalist araşdırması" verilişinin müəllifi və aparıcısıdır. Həftədə bir dəfə efirdə yayımlanan bu veriliş müxtəlif mövzulara həsr olunur və əsas prinsip mövzu ilə bağlı müfəssəl araşdırmanın aparılmasıdır.
İndiyə qədər Qafqaz İslam Ordusuna, XX əsrin 30-50-ci illərdəki repressiya dövrünün əsas həbs düşərgələri olan KARLAQ və A.L.J.İ.R-ə, Nargin adasının tarixinə, Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin beynəlxalq miqyasda tanınmasının 100 illiyinə, "Azərbaycan" İES-də aparılan tikinti və yenidənqurma işlərinə, Bakı Televiziya Qülləsinə, Azərbaycanda könüllülük hərəkatına, "Babək" filminin çəkilməsinin 40 illiyinə və digər mövzulara həsr olunan çoxsaylı verilişlər ictimaiyyətə təqdim olunub.
Filmoqrafiya
- "XXI əsrin salnaməsi". (silsilə Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunub)
- "Əbədiyyət". (silsilə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunub)
- Xocalı soyqırımı.
- Xocalıdan səslər.
- Azərbaycanlıların soyqırımı.
- Birinci respublika.
- Azərbaycan parlamenti
- Azərbaycan Ordusu
- Çörəkdən qülləyə
- Mixaylo şəhərdədir.
- Əbədi Vətən.
- Əsrin müqaviləsi
- Neft Daşları
- Müstəqil Azərbaycan.
- 50 il Azərbaycan uğrunda.
- Öndərin yolu.
- Liderlik missiyası.
- Olimpin sönməz məşəli
- 20 Yanvar.
- Azərbaycan bayrağı (film)
Mükafatları
Yunis Orucov 2015-ci ildə Azərbaycanda milli mətbuatın yaranmasının 140 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "əməkdar jurnalist" fəxri adına layiq görülüb . Dövlət başçısının 2019-cu ildə imzaladığı digər sərəncamla isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley medalı ilə təltif olunub.
Ailəsi
Ailəlidir, iki övladı var.