Vahid Racaboglu
Quick Facts
Biography
Vahid Rəcəboğlu (azərb. (Əhmədov Vahid Rəcəb oğlu; d. 10 fevral 1951, Göyçə mahalı, Qoşabulaq) — Azərbaycan şairi.
Həyatı
Vahid Rəcəboğlu 1951-ci ilin 10 fevralında Göyçə mahalının Qoşabulaq kəndində tanınmış Aşıq Rəcəbin ailəsində dünyaya gəlmişdir. 1956-cı ildə Qoşabulaq kənd yeddi illik məktəbin 1-ci sinifinə qədəm qoymuşdur. 1959-cu ildə isə orta təhsil almaq üçün Bərdə rayonunundakı Yeni Daşkənd kəndinə gedir. Yeni Daşkənd kənd orta məktəbinin X sinifini əla qiymətlərlə bitirir.
1966-cı ildə indiki Gəncə Dövlət Universitetinin riyaziyyat fakultəsinə daxil olmuşdur. 1970-ci ildə institutu bitirmişdir. 1972-ci ildə hərbi xidmətə çağrılmışdır. Bir illik hərbi xidmətini Almaniya Demokratik Respublikasının Yuterborq şəhərində başa vurmuşdur. 1973-cü ildə hərbi xidmətini başa vurduqdan sonra Göyçə mahalına qayıtmışdır.
Elmə marağı onu Moskva şəhərinə də aparmışdır. 1978-ci ildə Moskva şəhərindəki Kənd Təsərrüfatı Mütəxəsislərinin Təkmilləşdirilməsi və Yenidən Hazırlanması İnstitutunun "Kənd təsərrüfatı məhsullarının iqtisadiyyatı və təşkili" fakultəsinın qiyabi şöbəsinə daxil olmuş və 1981-ci ildə oranı bitirərək ikinci diplomunu almışdır.
1988-ci ildə bütün Göyçəlilər kimi Vahid Rəcəboğlu da dədə-baba yurdu Göyçədən erməni daşnakları tərəfindən qovulmuşdur. 1989-cu ildən İsmayıllı rayonunun Qalagah kəndində məskunlaşmışdır.
Pedaqoji fəaliyyəti
1970-ci ildə təyinatla Göyçay rayonundakı Çərəkə kənd orta məktəbində riyaziyyat müəllimi kimi pedoqoji fəaliyyətə başlamışdır. 1973-cü ilin sentyabrından doğma kəndi Qoşabulaq kənd tam orta mətəbində riyaziyyat müəllimi kimi pedoqoji fəaliyyətini davam etdirmişdir.
1990-cı ilin sentyabrından yüksək peşəkarlığı nəzərə alınaraq İsmayıllı rayonunun Qalagah kənd orta məktəbinə direktor vəzifəsinə təyin edilmişdir.
Yaradıcılığı
Vahid Rəcəboğlu orta məktəbdə oxuyarkən poeziya ilə məşğul olmuşdur. Atası aşıq Rəcəbin sazının tellərində səslənən sehrli havalar, səsindəki məlahət, Göyçə təbiətinin gozəlliyi Vahid Rəcəboğlunda poeziyaya olan həvəsi daha da gücləndirmişdir.
Göyçədən ayrıldıqdan sonra Göyçə həsrəti, Göyçə nisgili ondakı poeziya qığılcımlarını daha da alovlandırmış, vətən həsrətli şeirləri daha çox yazmağa başlamışdır. Şeirləri dövrü mətbuatda daimi çap edilmişdir.
2009-cu ildə "Qoşabulağın qoşa dərdi", 2012-ci ildə isə "Əsrlikdə qalan Göyçə" kitabları işıq üzü görmüşdür. "Göyçə mənim ürəyimdə" kitabı isə çapa hazırlanır.
Mükafatları
Səmərəli pedoqoji fəaliyyətinə görə Diplom və Fəxri fərmanlarla təltif edilmişdir.
Ailəsi
Vahid Rəcəboğlu 1973-cü ilin avqustunda ailə həyatı qurmuşdur. 1973-1982-ci illərdə beş övladı dünyaya göz açmışdır. On bir nəvəsi var.