Rzagulu bey Vazirov
Quick Facts
Biography
Rzaqulu bəy Mirzə Camal bəy oğlu Vəzirov (1814, Şuşa – 1875, Şuşa) — tarixçi, məmur, Mirzə Camal Cavanşir Qarabağinin oğlu.
Həyatı
Rzaqulu bəy Mirzə Camal bəy oğlu1814-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Əslən Cavanşir-Dizaq mahalının Hacılı camaatındandır. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə təhsilini davam etdirmişdi. Şuşa qəza məktəbində rus dilini öyrənmişdi. Şuşa qəzasının Çıləbörd sahəsidə murov yardımçısı, sonra murov vəzifələrində çalışmışdı. 1842-ci ildə praporşik rütbəsi almışdı. O, Mirzə Fətəli Axundovla dost idi və onunla yazışırdılar. Rzaqulu bəy 1875-ci ildə vəfat edib.
Rzaqulu bəy Hacı Ağalar xan Qasım bəy oğlu Sarıcalı-Cavanşirin qızı Dürnisə bəyimlə ailə qurmuşdu. Həşim bəy, Məhəmmədşəfi (Məmiş) bəy, Camal bəy adlı oğulları, Nənəxanım xanım, Güllü xanım və Züleyxa xanım adlı qızları vardı.
Fəaliyyəti
Rzaqulu bəy Vəzirov Azərbaycan tarixini və ədəbiyyatını gözəl bilirdi. Bu sahələrdə qələmini işlətmişdi. Bioqraf kimi də çalışmışdı. Onun qələmindən "Dəftəre vəqaye və keyfiyyəte hökumət və istiqlale xəvanin məğfurun, mərhumun Pənah xan, İbrahim xan dər vilayəte Qərabağ" adlı tarixi əsər, "Müqəddimati keyfiyyəti bəzi əhvalat və sərgüzəştü Axund Molla Əlipənah Vaqif təxəllüs" və Müqəddimati-sərgüzəştü Qasım bəy Zakir təxəllüs" adlı bioqrafik əsərlər çıxıb.
Rzaqulu bəy Vəzirovun tarixi dərindən bilməsində təəccüblü heç nə yoxdur. Onun ilkin mənbəyi görkəmli tarixçi olan atası Mirzə Camal Cavanşir idi. Qocaman tarixçi oğlunu bu sahədə qələm çalmağa həvəsləndirirdi. Rzaqulu bəy atasının "İran tarixi" adlı əsərini redaktə etmiş, üzünü köçürmək üçün katiblərə təqdim etmişdi.
Mənbə
- Rzaqulu Vəzirov. Əsərləri, "Soy" dərgisinin özəl nəşri, 2005, 88 səh.
- Ənvər Çingizoğlu, Hacılılar, Bakı, “Soy” dərgisinin özəl nəşri, 2004, 238 səh.