Novruz Rzayev
Quick Facts
Biography
Rzayev Novruz Kərim oğlu — Azərbaycan SSR-nin Daxili İşlər Naziri (22.05.1927 – 10.07.1929), təhlükəsizlik əməkdaşı
Həyatı
Novruz Rzayev 1886-cı ildə Azərbaycanın Naxçıvan vilayətinin Ordubad şəhərində qulluqçu ailəsində anadan olub. N.Rizayev fəhlə kimi əmək fəaliyyətinə başlayaraq xalq komissarı vəzifəsinədək yüksəlmişdi. 1905-ci ildən inqilabi fəaliyyətə başlayan Novruz Rzayev həmin ilin iyulundan 1917-ci ilin yanvar ayına qədər fasiləsiz olaraq Culfa-Təbriz şosse yolunda müxtəlif vəzifələrdə çalışıb, məhz bu dövrdə İran Azərbaycanında baş verən milli özünüdərk proseslərində iştirak edib və həm də çar rejiminin təqibləri ilə üzləşib. Qeyd etmək lazımdır ki, həyatının bu dövrü sonradan ona qarşı sovet cəza aparatı tərəfindən irəli sürülmüş qondarma ittihamların ayrılmaz tərkib hissəsini təşkil edirdi. Oktyabr çevrilişi və Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra uzun müddət sovet partiya orqanlarında rəhbər vəzifələrdə çalışan Novruz Rizayev 1927-ci il mayın 22-dən Fövqəladə Komissiyadan sonra adını dəyişərək Dövlət Siyasi İdarəsi kimi fəaliyyət göstərmiş təhlükəsizlik orqanına başçılıq etmişdi. Lakin dəyişən yalnız forma idi, məzmun isə dəyişməmişdi və bu orqanlar dövlətin yürütdüyü ideoloji xəttə qulluq edən repressiya aləti idi. Novruz Rizayev həqiqi əqidə sahibi kimi sovet ideologiyasının onun xalqının ümdə problemlərini həll edəcəyinə ümid bəsləyirdi. Lakin hər keçən gün onu öz inamında yanıldığı qənaətinə gətirirdi O, bu vəzifədə çalışdığı müddətdə müvafiq orqanda özünü büruzə verən nöqsanları kəskin şəkildə pisləmiş və onların aradan qaldırılması üçün səylər göstərmişdir. Novruz Rzayev mərkəzə yazdığı məktublarda dəfələrlə repressiyalara, xalqımıza qarşı həyata keçirilən əsassız siyasi təqiblərə qəti etirazlarını bildirmişdir. Müttəfiq respublikalarda milli mənlik şüurunun oyanmasının qarşısını almaq üçün total repressiyalara rəvac verən mərkəzi hökumət nəinki bu müraciətlərə biganə qalır, söz sahibi olan insanları sıradan çıxarmaqla milləti intellektual elitadan məhrum etməyə yönəlmiş siyasət yürüdürdü. Novruz Rizayevə qarşı qondarma ittihamlara o qədər geniş meydan verilir ki, hətta mərkəzi mətbuat orqanı olan "İzvestiya" qəzeti "Sovet aparatında jandarmlar" adlı məqalə dərc etdirir. Məqalədə Novruz Rzayev əksinqilabçı təşkilatlarla əlaqədə, dövlət əmlakına laqeyd münasibətdə ittiham olunur. N.Rizayev Moskvaya - Orconekidzeyə, Molotova, Yaroslavskiyə ünvanladığı məktubda özünə qarşı irəli sürülmüş ittihamları tutarlı dəlillərlə təkzib edir, təmiz adının qarayaxmalardan müdafiə olunmasını tələb edir.
Təhlükəsizlik orqanlarında çalışan və dövlətin cəza aparatının həyata keçirdiyi repressiyaların forma və metodlarına dərindən bələd olan Novruz Rizayev Moskvanın bu məkrli niyyətlərinin həyata keçirilməsi yolunda ciddi əngələ çevrilirdi. Məhz bu səbəbdən o, 1929-cu ilin oktyabrında Dövlət Siyasi İdarəsinin rəhbərliyindən kənarlaşdırılır. Lakin bu addımı atan şəxslər onu siyasi səhnədən tam uzaqlaşdıra bilmədilər. Bunu N. Rzayevin sonradan partiya-təsərrüfat orqanlarında yenidən yüksək vəzifələrə irəli çəkilməsi təsdiqləyir. 30-cu ilin fevralında Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının razılığı ilə Rizayev Perm şəhərinə getmiş və orada Meşə Sənaye Təsərrüfatının direktoru vəzifəsində işləmişdi. 1931-ci ildə Sverdlovsk şəhərində trest müdiri təyin edilir. 1933-cü ilin fevralında Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi tərəfindən Cənubi Qazaxıstan Vilayət İcraiyyə Komitəsinin sədr müavini vəzifəsinə göndərilir. Qazaxıstana partiya işinə onu həmin vilayətin icraiyyə komitəsinin sədri vəzifəsində çalışan Mirzoyan dəvət edir və burada da erməni məkrinin izləri görünməkdədir. Azərbaycan ziyalılarına, məmurlarına qarşı başlanılmış istintaq işlərinin əksəriyyətini erməni müstəntiqləri aparıb və ermənilər bolşevik, menşevik, daşnak kimi örtüklər altında pərdələnsə də, erməni siyasətinin mahiyyəti dəyişməyərək millətimizə qarşı kökləri tarixə gedən düşmənçilikdən qaynaqlanıb. İstintaq materiallarından məlum olur ki, Novruz Rzayev ilə üzləşdirmədə Mirzoyan ona qarşı çıxır, Rzayevin Qazaxıstan millətçiləri ilə əlaqədə olduğu barədə ittihamlar irəli sürür və buradan belə qənaətə gəlmək olar ki, azərbaycanlılara qarşı repressiyalar əslində bir zəncirin həlqələridir və bu, milltəmizin say-seçmə oğullarının məhv edilərək sonradan onun taleyi ilə bağlı qəbul olunacaq ədalətsiz qərarlara qarşı müqavimət gücünü zəiflətməyə hesablanıb. N.Rzayev 1937-ci il oktyabr ayının 31-də Alma-Ata şəhərində Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının qərarı ilə həbs edilərək Bakıya gətirilir. Maraqlıdır ki, onun barədə həbs-qətiimkan tədbirinin şeçilməsi haqqında qərara da Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının Dövlət Təhlükəsizliyi İdarəsinin 2-ci şöbəsinin rəisi Qriqoryan razılıq verir. Bu işi aparan müstəntiqlərin səriştəsizliyinin, savadsızlığının və onların bu işləri tələm-tələsik bitirməkdə maraqlı olmasının bariz nümunəsi kimi müttəhimin həbsi haqqında qərarda məhkumun doğulduğu Ordubad şəhərinin İrana mənsubiyyəti barədə məlumatın özünə yer tapmasını faktını göstərmək olar.
1939-cu il avqustun 2-də Qazaxıstan SSR Xalq Daxili İşlər Komissarlığı qoşunlarının Hərbi tribunalının məhkəməsinin qərarına əsasən bəraət almasına baxmayaraq, 1940-cı il yanvarın 5-də saxtalaşdırılmış sənədlər əsasında təkrar həbs olunmuş və SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının hökmü ilə 1941-ci il iyunun 30-da ölüm cəzasına məhkum edilmişdir. 1955-ci il mart ayının 19-da N.Rzayev SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Sərəncamı ilə bəraət almışdır.
Novruz Rzayev şəxsiyyətinin layiqli qiymətini zəngin və mənalı ömür yolunun 25 ilini təhlükəsizlik orqanlarında yorulmaz fəaliyyətdə keçirmiş ulu öndər Heydər Əliyev verir. Heydər Əliyev Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti ilə görüşlərinin birində Novruz Rzayev barədə bu fikirləri söyləmişdir:
"Qısa müddət - 1926, 1927, 1928-ci illərdə Novruz Rzayev bu orqana rəhbərlik edibdir. Amma onun başına da sonra çox böyük bəlalar gətiriblər. Tarixdən məlumdur və mənim xatirimdədir, 1956-cı ildə Mircəfər Bağırovun qrupunun məhkəməsi zamanı Novruz Rzayevin istintaq işinin içindən onun Stalinə göndərdiyi bir məktubu çıxmışdı. Bu, çox məşhur məktubdur o, çox cəsarətli, çox əqidəli bir insan kimi o məktubda 1937-38-ci illərdəki kütləvi repressiyalara qarşı etirazını, hiddətini açıq-aydın bildiribdir. Çox məşhur məktub idi, o vaxtlar bizim mətbuatda da ondan istifadə etdilər. Ona görə də, xatirimdədir, mən Dövlət Təhlükəsizliyi Komitəsində işləyərkən biz Novruz Rzayevin adını əbədiləşdirdik. Mən onun fəaliyyəti, tərcümeyi-halı ilə tanış oldum. Çox dəyərli bir insan olmuşdur və xalqına çox sədaqətlə xidmət etmişdir".