Kamal Ahmadov
Quick Facts
Biography
Kamal Əhmədov (5 avqust 1948, Naxçıvan) — bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2013), Azərbaycan Bəstəkarlar İttifaqı Naxçıvan Bəstəkarlar Təşkilatının məsul katibi, Prezident mükafatçısı, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin bəstəkarlıq kafedrasının müdiri.
Həyatı
Kamal Əhmədov 1948-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Tar ixtisası üzrə ibtidai musiqi təhsilini Naxçıvan şəhər uşaq musiqi məktəbində, orta musiqi təhsilini isə Bakı şəhərində A. Zeynallı adına Musiqi Texnikumunda almışdır. Texnikumda oxuduğu illərdə polifoniya, harmoniya, analiz və s. musiqi elmlərinə yiyələnmiş, dünya musiqisi ilə tanış olmuşdur. Muğam sənətinin sirlərini muğam bilicisi, ustad Əhməd Bakıxanovdan öyrənmişdir. Bu illərdə Kamal Rüstəm oğlunda bəstəkarlıq sənətinə maraq yaranmışdır. Piano üçün yazdığı kiçik pyes və prelüdlər onun ilk yaradıcılıq məhsuludur
1973-cü ildə A. Zeynallı adına musiqi texnikumunun xalq çalğı şöbəsinin tar sinfini bitirmiş, işləmək üçün təyinatını Ordubad musiqi məktəbinə almışdır. K. Rüstəm oğlu musiqi məktəbində Xalq Çalğı Alətləri Orkestri təşkil etmişdir. Ordubadda ilk Xalq Çalğı Alətləri Orkestri sayılan bu kollektivin konsertləri dəfələrlə Naxçıvan televiziyası ile göstərilmiş, bir çox konsert salonlarında nümunəvi çıxışları olmuşdur. Məhz bu illərdə onun bəstəkarlığa olan marağı daha da artmış, orkestr üçün bir sıra işləmələr və mahnılar yazmışdır. İki il Ordubadda, bir il Naxçıvan musiqi məktəbində işlədikdən sonra 1976-cı ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri şö`bəsinə daxil olur. Lakin bəstəkarlığa olan həvəsi onu 3 il sonra yenidən konservatoriyanin bəstəkarliq şö`bəsinə imtahan verərək bəstəkarlıq ixtisası üzrə təhsilini davam etdirməyə sövq etmişdir.
Respublikamızın görkəmli bəstəkarı, professor Xəyyam Mirzəzadənin sinfində bəstəkarlıq sənətinin sirlərini mənimsəyir, eyni zamanda dünya musiqi korifeylərinin klassik və müasir səpkili əsərlərini öyrənərək, özünün fərdi yaradıcılıq üslubunu müəyyən etmişdir. Musiqinin bir çox janrlarında əsərlər yazan Kamal Rüstəm oğlu öz dəstixəttini püxtələşdirməyə nail olmuşdur. Təhsil illərində yazdığı fortepiano üçün "Prelüd və fuqalar", "Variyasiyalar", tar üçün "Sonata", simli alətlər ansamblı üçün "Kvartet" və s. əsərlər onun peşəkar yaradıcılığının ilk dövrünü təşkil edir. Konservatoriyada keçirilən konsertlərdə onun bir sıra əsərlərinin ifası musiqisevərlərin rəğbətini qazanmışdır. Diplom işi kimi Böyük simfonik orkestr üçün yazdığı "Cavid" simfonik poeması təhsil illərinin ən mükəmməl və uğuru əsəri hesab edilə bilər. Bəstəkar bu əsərdə orkestrin tembr xüsusiyyətlərindən, imkanlarından bacarıqla istifadə edərək polifonik səpkili əsas mövzunun müxtəlif kolorit və ritmik dəyişikliyə uğrayan inkişafı vasitəsilə nakam şairimiz Hüseyn Cavidin keşməkeşli, ağır taleyini göstərməyə çalışır. Müəllif xalq musiqisinin elementlərindən, muğam intonasiyalarından istifadə edərək əsərin simfonik dilini zənginləşdirmiş, milli koloritlə avropa musiqi koloritinin sintezini yaratmışdır. Təsadüfi deyil ki, bu poema 1988-ci ildə Ukrayna Respublikasının Xalq artisti Aleksey Fedoseyeviç Qulyaniskinin idarəsilə Krım Dövlət Filarmoniyasının Simfonik Orkestri tərəfindən ifa edilmiş və orkestrin repertuarına salınmışdır. Əsərin uğurlu ifası və özünəməxsus maraqlı bəstəkar manerası haqqında "Sovetskiy Krım" qəzetində musiqişünas Sokolik müsbət resenziya yazmaqla bərabər müəllifi böyük istedada malik musiqiçi adlandırmışdır. 1985-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq üzrə təhsilini başa vurduqdan sonra K. Əhmədov Naxçıvan şəhərinə gəlmiş, burada yeni yaranmış Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində fəaliyyətə başlamışdır. Bu illərdən başlayaraq o, yaradıcılığını Xalq Çalğı Alətləri Orkestri ilə bağlamış, orkestr üçün müxtəlif səpkili əsərlər yazmış, transkripsiyalar və işləmələr etmişdir. Kamal Əhmədov mahnı yaradıcılığında əsasən naxçıvanlı şairlərin sözlərinə müraciət etmişdir. M. Nəsirlinin sözlərinə "Qızlar bulağı", H. Valehin sözlərinə "Qoşa çinar", "Yaqub Şirinoğlunun sözlərinə "Saçlarıma qar da yağdı", "Gözlərinə baxan zaman", E. Maqsudovun sözlərinə "Zəfər marşı", "Anacan", Rövşən Əhmədin sözlərinə "Milli Ordumuz", Tərifənin sözlərinə "Bənövşə", T. Aslanin sözlərinə "Unutdun məni" digər şairlərin sözlərinə "Kaman səsi", "Bu yolu seçdim", "Keçmə" və s. mahnılar yazmışdır. "Azadlıq türküsü", Sevdam" mahnılarının sözləri isə bəstəkarın özünə məxsusdur. Xalq Çalğı Alətləri Orkestrinə dərindən bələd olan Kamal Əhmədov bir sıra orkestr əsərləri yazmışdır. "Cəngi", "Süita", "Naxçıvan eskizləri", "Rekviyem" kimi əsərləri öz orijinallığı ilə fərqlənir. Azərbaycanın azadlığı uğrunda həlak olmuş şəhidlərə həsr olunmuş "Rekviyem" əsəri xalq çalğı alətləri orkestrinin janr xüsusiyyətlərini aşaraq simfonikliyi ilə diqqəti cəlb edir. Təsadüfi deyil ki, bu əsər dəfələrlə "Şəhidlər" simfoniyası adı altında səsləndirilərək Naxçıvan televiziyası ilə göstərilmişdir. 1985-ci ildən 1997-ci ilədək Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin yaranmasında və formalaşmasında böyük zəhməti olan Kamal Əhmədovun idarəsilə bu orkestr Bakı, Sumqayıt və digər şəhərlərdə dəfələrlə müvəffəqiyyətli konsertlər vermişdir. Bəstəkarın yaradıcılığı xalq çalğı alətləri orkestri üçün yazdığı əsərlərlə məhdudlaşmır. O, bir sıra vokal, instrumental və simfonik əsərlərə müraciət etmiş, qarışıq xor üçün "Fuqa", aşıq mahnıları mövzusu əsasında "A-kapellalar", böyük simfonik orkestr və fortepiano üçün "Konsert", kamera orkestri üçün "Simfoniya" və s.əsərlər yazmışdır. Bəstəkarın kamera orkestri üçün yazdığı 3 hissəli "Simfoniya" Türkiyənin istedadlı dirijoru Saim Akcılın rəhbərlik etdiyi İstanbul-Borusan Oda Orkestri tərəfindən səslənmiş və orkestrin daimi repertuarına salınmışdır. Bəstəkar bir neçə tamaşaya da musiqi yazmışdır. Belə ki, C. Məmmədquluzadənin "Dəli yığıncağı", M. Paşayevin "Dirilən adam", S. Vurğunun "Fərhad və Şirin" tamaşalarına musiqi bəstələmişdir. Keçmiş SSRİ Bəstəkarlar İttifaqının üzvü olan Kamal Əhmədov hal-hazırda Azərbaycan Bəstəkarlar İttifaqı Naxçıvan MR Təşkilatının məsul katibi olmaqla yanaşı, Naxçıvan Dövlət Universitetində pedoqoji fəaliyyətini davam etdirir.
Bəstəkarın fortepiano üçün yazdığı "Mövzu ilə variyasiyalar" əsəri Beynəlxalq Müsabiqələr laureatı, pianoçu Svetlana Əhmədova tərəfindən,2007-ci il tarixdə Bakı şəhərində keçirilən Azərbaycan Bəstəkarlarının 8-ci Qurultay konsertində uğurla ifa edildi.
2007–2008 illər ərzində kamera simli orkestri üçün "Simfonietta", Gəmiqaya" simfonik lövhələri, kamera orkestri, iki solist və qarışıq xor üçün Zəlimxan Yaqubun sözlərinə "Ömrün Heydər zirvəsi" odasını, piano, iki solist və qarışıq xor üçün Yaqub Şirinoğlunun sözlərinə "Marş irəli", qanun və xalq çalğı alətləri orkestri üçün "Rapsodiya", tar ilə böyük simfonik orkestr üçün üç hissəli "Konsert" yazmış, piano və böyük simfonik orkestr üçün üç hissəli konserti və böyük simfonik orkestr üçün "Cavid" simfonik poemasını redaksiya etmişdir.
Hal-hazırda bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqı Naxçıvan Təşkilatının məsul katibi işləməklə yanaşı, Naxçıvan Dövlət Universitetində İncəsənət Fakulltəsinin Bəstəkarlıq kafedrasına rəhbərlik edir.
Ədəbiyyat
- Zamanova A. Bəstəkar Kamal Əhmədov. – Portretlər. "Musiqi Dünyası", № 3–4/41. səh. 119–120.