Bikəs Ağayev
Quick Facts
Biography
Bikəs Ağayev — texnika üzrə fəlsəfə doktoru . AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda şöbə müdiri. Azərbaycanda "Elektron tullantılar" sahəsində ilk tədqiqatçılardandır10-dan artıq ixtira və potentlərin müəllifidir. Respublikamızda ilk dəfə olaraq onun rəhbərliyi ilə lüminofor tərkibli plastmas jetonların hazırlanma texnologiyası işlənmişdir.
Həyatı
Bikəs Sayıl oğlu Ağayev 1949-cu ildə, Bakıda anadan olmuşdur. 1973-cü ildə Ç.İldırım adına Politexnik İnstitutunun "Avtomatika və telemexanika" fakültəsini bitirmişdir. Təyinatla Kibernetika İnstitutu yanında Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində əmək fəaliyyətinə başlamışdır. Texnik, mühəndis, sektor müdiri, layihənin baş mühəndisi vəzifələrində işləmişdir. 1995-ci ildən institutda şöbə müdiri vəzifəsində çalışır. Müxtəlif təyinatlı texnoloji proseslərin avtomatlaşdırılması məqsədilə informasiya texnologiyalarının müasir sxemotexnik vasitə və metodlarının tədqiqi üzrə elmi-tədqiqat işləri ilə məşğul olur.
2011-ci ildə “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “Audioinformasiyanin paylanmiş emali sistemlərinin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi müdafiə etmiş və texnika üzrə fəlsəfə doktoru adını almışdır.
Elmi fəaliyyətləri
- Respublikamızda ilk dəfə olaraq onun rəhbərliyi ilə "Üzvi lüminofor və adsorberlərin informasiyanı kodlaşdırma xüsusiyyətləri" tədqiq edilmiş, alınan nəticələr əsasında xüsusi optik keçiricilik xüsusiyyətlərinə malik lüminofor tərkibli plastmas jetonların hazırlanma texnologiyası işlənmişdir. Jeton identifikasiya sistemlərinin arxitektur-sxemotexnik yaradılma prinsipləri işlənmiş, hazırlanmış və tətbiq edilmişdir. (Bakı Metropoliteni).
- Respublikamızda ilk dəfə olaraq onun rəhbərliyi ilə "Sərnişin avtomatikası qurğularının avtomatlaşdırılmış idarəetmə sistemlərinin arxitektur-texnoloji yaradılma prinsipləri" işlənmiş və bu prinsiplər əsasında bir neçə qurğu layihələndirilmiş, hazırlanmış və tətbiq edilmişdir (Bakı Metropoliteni).
- Respublikamızda ilk dəfə olaraq onun rəhbərliyi ilə "Müxtəlif tip rabitə kanalları ilə ötürülən səs siqnallarının analiz və emal prinsipləri" tədqiq edilmişdir. Ötürmə kanallarından qəbul edilən səs (nitq) siqnallarının keyfiyyət göstəricilərinin qiymətləndirilməsi üçün metod və alqoritmlər işlənmiş və tətbiq edilmişdir (“Aztelekom” İB). Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramının (Elektron Azərbaycan) E-hökumət proqramı çərçivəsində G2G, G2B və G2C modelləri üçün audioinformasiya fəzalarının formalaşdırılması problemləri araşdırılmış və onların reallaşdırılması üçün tövsiyələr işlənmişdir.
- Respublikamızda ilk dəfə olaraq onun rəhbərliyi ilə "Audio-mining sistemlərinin audioinformasiyanın çoxkanallı rəqəmsal uçotu və qeydiyyatı vasitələrinin arxitektur-texnoloji yaradılma prinsipləri işlənmiş" və bu prinsiplər əsasında hazırlanmış qurğular mərkəzləşdirilmiş dispetçerləşdirmə sistemlərində (Bakı Metropoliteni) və Call-centerlərdə operator-kliyent danışıqlarının və ekran fayllarının arxivləşdirilməsi məqsədilə tətbiq edilmişdir (Aztelekom İB və s.).
Tədqiqat sahələri
- Audio-mining texnologiyaları bazasında qərarların qəbuluna dəstək sistemlərinin yaradılmasının konseptual əsaslarının işlənməsi;
- Audio-mining sistemlərində audiobaza verilənlərinin emalı metod və alqoritmlərinin işlənməsi problemləri;
- Azərbaycanda e-tullantıların idarə edilməsi elmi-texniki problemlərinin həllinin prinsip və konseptual əsaslarının işlənməsi;
- Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı Dövlət Proqramı (Elektron Azərbaycan) çərçivəsində G2G, G2B və G2C modelləri üzrə audio-video xidmətləri mühitinin formalaşdırılması.
Elmi əsərləri
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 52, xaricdə çıxmış elmi əsərlərin sayı 21, müəlliflik şəhadətnamələri, ixtira və patentlərinin sayı 12-dir.
Mükafatları
2015-ci ildə uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif olunub.