Aydin Karimov
Quick Facts
Biography
Aydın Məmmədli oğlu Kərimov (1 iyul 1956, Mahmudkənd, Noraşen rayonu) — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü, Azərbaycan Respublikası ədliyyə nazirinin birinci müavini, Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədr müavini, Əlincə Cəmiyyətinin sədr müavini.
Həyatı
Aydın Məmmədli oğlu Kərimov 1 iyul 1956-cı il tarixində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Şərur rayonunun Mahmudkənd kəndində doğulmuşdur. Naxçıvan Dövlət Universitetinin Tarix-ədəbiyyat və Samara Dövlət Universitetinin Hüquq fakültələrində ali təhsilini almışdır. Bir müddət hüquqşünas olaraq fəaliyyət göstərmişdir.
Evlidir, 3 övladı var.
İctimai-siyasi fəaliyyəti
Aydın Kərimov Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur. 1991-ci ildə o, Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədr müavini seçilmişdir. O, həmçinin, Azərbaycan Xalq Cəbhəsi nizamnaməsinin və proqramının həmmüəlliflərindəndir.
Aydın Kərimov 29 iyul 1992-ci il tarixində Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 47 nömrəli fərmanı ilə Azərbaycan Respublikası ədliyyə nazirinin birinci müavini vəzifəsinə təyin olunmuşdur. O, 16 avqust 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan Ali Sovetinin sədri Heydər Əliyevin 495 nömrəli sərəncamı ilə bu vəzifədən azad edilmişdir.
Aydın Kərimov 1992-ci il tarixində Azərbaycan Xalq Cəbhəsi və Əlincə Xeyriyyə Cəmiyyəti üzvü olaraq xalq deputatları seçkiləri üzrə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlüyünə namizəd göstərilmiş və seçilmişdir.
Aydın Kərimov Əlincə Cəmiyyətinin sədr müavini olmuşdur. O, 1992-ci ildən Müstəqil "Qanun" jurnalının baş redaktoru, 1994-cü ildən isə Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin (MEPHM) prezidentidir. O, həmçinin Türkiyə Respublikasında dərc olunan "Türk yurdu" jurnalının Azərbaycandakı təmsilçisidir.
Aydın Kərimov 2010-cu illərdə Azərbaycan Respublikasının Ombudsman Aparatı Ekspertlər Şurasının sədri vəzifəsində çalışmışdır.