Asger Ismayilov
Quick Facts
Biography
Əsgər Ələkbər oğlu İsmayılov (1898, Naxçıvan – 14 mart 1959) — Azərbaycan həkimi və dövlət xadimi, Azərbaycan SSR xalq səhiyyə komissarı və naziri (1941–1947), tibb elmləri namizədi (1935), dosent, Azərbaycan SSR əməkdar həkimi.
Həyatı
Əsgər Ələkbər oğlu İsmayılov 1898-ci ildə Naxçıvan şəhərində kəndli ailəsində anadan olmuşdur. 1927-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsini bitirdikdən sonra o, fakültə terapiya klinikasının ordinatoru təyin edilmiş, 1929-cu ildən isə həmin klinikanın aspirantı olmuşdur. 1935-ci ildə tibb elmləri namizədi alimlik dərəcəsini almışdır. Həmin vaxtdan Böyük Vətən müharibəsi başlananadək Azərbaycan Dövlət Tibb İnstitutunda işləmiş və eyni zamanda Elmi-Tədqiqat Klinik İnstitutuna rəhbərlik etmişdir.
Əsgər İsmayılov 1941-ci ildən 1947-ci ilədək Azərbaycan SSR xalq səhiyyə komissarı (1946-cı ildən naziri) işləmişdir. Həyatının son illərində Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu terapiya və daxili xəstəliklər prapedevtikası kafedrasında fəaliyyət göstərmiş, kənd əhalisinə tibbi yardım göstərən həkimlər briqadasının rəhbəri olmuşdur.
Əsgər İsmayılov 1920-ci ildən RK(b)P (Sov.İKP) üzvü olmuşdur. "Azərbaycan SSR əməkdar həkimi" fəxri adına layiq görülmüş, "Qırmızı əmək bayrağı", "Qırmızı ulduz" ordenləri və medallarla təltif edilmişdir.
Əsgər İsmayılov 14 mart 1959-cu ildə vəfat etmişdir.