Abbasali Asadi
Quick Facts
Biography
Əsədi Abbasəli Əsədulla oğlu - Təbriz teatrının yarandığı ilk günlərdən bu sənət ocağı ilə bağlı olan teatr fəadailərindən biri.
Həyatı
Abbasəli Əsədi 1888-ci ildə Təbrizdə şöhrətli hərbçi ailəsində doğulub. İbtidai təhsilini şəhərdəki "Loğman" mədrəsəsində alıb. Elmə, maarifə rəğbət bəsləyən Əsədulla kişi təhsilini davam etdirmək üçün Abbasəlini Tehran şəhərinə göndərib. Abbasəli Əsədi burada orta təhsilə yiyələnib. Bayram günlərində bu məktəbin dram dərnəyində fars dilində kiçik məzhəkə və məsxərələr hazırlanıb oynanılırdı. Abbasəli göstərilən məzhəkələrdən birində uşaq rolu oynamaqla səhnəyə ilk dəfə qədəm basıb.
Təhsilini başa vurub Təbrizə qayıdan Abbasəli Əsədi 1918-ci ildə inqilabi hərəkata qoşulub. İnqilab yatırılanda Təbrizi tərk etməli olub. 1921-ci ildə Cəlil Məmmədquluzadə ilə Əhar şəhərində görüşüb. Təbrizdə yaşayan Mirzə Cəlil orada "Ölülər" tragikomediyasını tamaşaya hazırlamaq istədiyini bildirib. Abbasəli Əsədi dramaturqla Təbrizə gəlib və "Ölülər" tamaşasında Mirbağır ağa rolunu oynayıb. Aktyor bu əsərdə Şeyx Nəsrullanın da dəyərli ifaçılarından sayılır. Bir qədər sonra teatr xadimi Mehdi xan Şəfizadənin yaratdığı "Azərbaycan artistləri dəstəsi"nə üzv olub. Elə buradan da onun Cənubi Azərbaycan teatrında şöhrətli yaradıcılıq yolu başlayıb. Dəstədə ilk rolu Böyük xan Naxçıvaninin quruluş verdiyi, bir neçə dəfə oynanılmış Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" operettasında Vəli obrazı olub.
Abbasəli Əsədi Vəli obrazını uzun illər bir neçə quruluşda ifa edib. Bundan əlavə Üzeyir bəy Hacıbəyovun "O olmasın, bu olsun" ("Məşədi İbad". Məşədi İbad), "Əsli və Kərəm" (Keşiş), "Leyli və Məcnun" (Leylinin atası), özünün yazdığı "Əyyaşlıq" ("Ay can-ay can". Əhməd), "Mirzə bacı məktəbi" (Mirzə) pyeslərinin tamaşalarında uğurlar qazanıb.
1944-cü ildə "Azərbaycan" cəmiyyəti yanındakı Təbriz teatrı yenidən qurulanda, SSRİ-İran dostluq cəmiyyətinin truppası yaradılanda dəstənin başında duranlardan biri də Abbasəli Əsədi olub.
Mənbə
- İlham Rəhimli. Təbriz Azərbaycan Teatrı. Bakı: Çaşıoğlu, 2005, səh. 141-142.