Ziyaeddin Fahri Fındıkoğlu
Quick Facts
Biography
Ziyaəddin Fəxri Fındıkoğlu – Türkiyənin görkəmli sosioloqu
Həyatı
Ziyaəddin Fəxri Fındıkoğlu 1901-ci ildə Ərzurumun Tortum qəzasında doğulmuşdur. Atası Xəlil Fəxri müxtəlif yerlərdə qazilik etmiş, anası Fatma Zəhra dindar bir qadın olmuşdur. Ziyaəddin Fəxri ilk təhsilini Hakkari və Ərzincanda almış, orta məktəbi Malatya və Kayseridə oxumuşdur. İstanbulda Gələnbevi Liseyini bitirmişdir.
Ziyaəddin Fəxri Fındıkoğlu Poçt Teleqraf Məktəbində də təhsil almış, təhsilini bitirdikdən sonra poçt idarəsində çalışmağa başlamışdır. Fəlsəfəyə göstərdiyi marağa görə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi fəlsəfə dərslərində əvvəlcə dinləyici kimi iştirak etmiş, sonra burada tələbə olaraq təhsilini davam etdirmişdir. Mütəfəkkir İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Fəlsəfə Bölümünü 1924-cü ildə bitirmişdir. Təhsilini tamamlayan Ziyaəddin Fəxri Ərzurum, Sivas və Ankara liseylərində müəllim işləmişdir.
Ziyaəddin Fəxri Fındıkoğlu doktoranturada oxumaq üçün Strasburq Universitetinə getmiş, 1933-cü ildə məzun olaraq İstanbul Universitetinə qayıtmışdır. Alimin Strasburq Universitetində yazdığı doktorluq dissertasiyası Ziya Gökalpla bağlı idi.
Mütəfəkkir 1935-ci ildə yenidən Strasburqa gedərək doktorluq dissertasiyasını tamamlamış və 1936-cı ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsindəki dosent vəzifəsinə qayıtmışdır.
Ziyaəddin Fəxri Fındıkoğlunun yaradıcılığına İstanbul Universitetində ona dərs deyən Mehmet İzzətin böyük təsiri olmuşdur.
Ziyaəddin Fəxri Fındıkoğlunun doktorluq dissetasiyası Parisdə kitab kimi də nəşr edilmişdir. Filosofun dissertasiyası əsasında “Ziya Gökalp” (Paris, 1935), “Ziya Gökalp və sosiologiyası” (Paris, 1936) kitabları çapdan çıxmışdır. Əli Nüzhet Göksel alimin doktorluq dissertasiyasını “Ziya Gökalp, həyatı və ictimaiyyatı” adı ilə 1938-ci ildə Parisdə çap etdirdiyini bildirmişdir.
Ziyaəddin Fəxri Fındıkoğlu 1937-ci ildə İstanbul Universitetində yeni qurulan İqtisad Fakültəsində çalışmaqla yanaşı Hüquq Fakültəsində hüquq sosiologiyası fənnini də tədris etmişdir. 1940-cı ildən başlayaraq Ədəbiyyat Fakültəsində etika fənnindən dərs demişdir.
Mütəfəkkir 1941-ci ildə professor, 1958-ci ildə ordinarlığa yüksəlmişdir. Alim 1972-ci ildə təqaüdə çıxana qədər İstanbul Universiteti İqtisad Fakültəsində kafedra müdiri vəzifəsində çalışmışdır.
Ziyaəddin Fəxri Fındıkoğlu 16 noyabr 1974-cü ildə İstanbulda vəfat etmişdir.
Elmi yaradıcılığı
Ziyaəddin Fəxri Fındıkoğlu zəngin yaradıcılıq irsinə malikdir. Sosiologiya sahəsində daha çox fəaliyyət göstərməsinə baxmayaraq, iqtisad, hüquq, tarix, folklor və başqa elm sahələrində də araşdırmalar aparmış, elmi əsərlər yazmışdır.
Türk alimlərindən Mustafa Erkal mütəfəkkirin 3000 yaxın elmi əsərinin olduğunu, Dilavər Düzgün isə əsərlərin sayının 4000 yaxın olduğunu bildirmişdir.
Strasburqdan Türkiyəyə qayıdan Ziyaəddin Fəxri Fındıkoğlu 1934-cü ildə “İş” adlı bir dərgi yaratmış, 1938-ci ildən etibarən həmin dərgini “İş və Düşüncə” adlandırmış, bu dərgini təqribən qırx ilə yaxın nəşr etdirmişdir.
Ziyaəddin Fəxri Fındıkoğlu sosiologiyanın tədqiqi ilə yanaşı tədrisində də mühüm xidmət göstərmişdir. Mütəfəkkir 1949-cu ildə “Sosializm” kitabında Türkiyədə sosiologiya fənninin orta və ali təhsil pillələrində uzun zamandan bəri yer aldığını bildirmiş, sosiologiya dərsinin o dövrdə İstanbul Universitetinin Ədəbiyyat, Hüquq, İqtisad Fakültələrində, Ankara Universitetinin Dil və Tarix-Coğrafiya, Hüquq Fakültələrində, Mülkiyə Məktəbində tədris edildiyini yazmışdır.
Ziyaəddin Fəxri Fındıkoğlunun yaradıcılığında İbn Xəldun haqqında tədqiqatı da mühüm yer tutur. Filosof 1951-ci ildə İstanbulda keçirilən XXII Şərqşünaslar Konqresində etdiyi “Türkiyədə İbn Xəldunizm” adlı məruzəsində İbn Xəlduna aid bəzi araşdırmasının biblioqrafiyasını da göstərmişdir.
Əsas elmi əsərləri
- Türkiyede İbn Haldunizm. 60. Doğum yılı münasibetiyle Fuad Köprülü armağanı. İstanbul, 1953.
- Sosyalizm. İstanbul, 1961.