Zemfira Verdiyeva
Quick Facts
Biography
Zemfira Verdiyeva — azərbaycanlı, xarici dillər üzrə ilk qadın elmlər doktoru, professor.
Həyatı
Zemfira Nadir qızı Verdiyeva 19 noyabr 1935-ci ildə Tiflis şəhərində anadan olmuşdur. Həmin ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Atası general, anası isə uzun illər dəmiryol texnikumunun direktoru işləyib. 1943-1945-ci illərdə 189 saylı (rus dilli) orta məktəbdə təhsil almışdır. 1953-cü ildə Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunun İngilis-fransız dili fakültəsinə daxil olmuş, 1957-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1957-1995-ci illər arasında Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunda laborant, pedaqoji təcrübə müdiri, müəllim, kafedra müdiri, 1973-cü ildən 1995-ci ilə qədər rektor vəzifəsində çalışmışdır.
Elmi fəaliyyəti
1965-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş, 1968-ci ildə dosent elmi adını almışdır. 1971-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1972- ci ildə professor elmi adına layiq görülmüşdür. 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Alimin Azərbaycanda və xarici ölkələrdə 190-a qədər kitab, monoqrafiya və dərs vəsaitləri çapdan çıxmışdır. Onun elmi-pedaqoji fəaliyyəti haqqında 372 məqalə çap edilmişdir.
Z.Verdiyeva 1990-1995-ci illər ərzində Azərbaycan Ali Sovetinin deputatı olmuşdur. 1989-cu ildən Azərbaycan Qadınlar Cəmiyyətinin sədri vəzifəsində çalışmış və bu müddətdə dünyada 65 qadın təşkilatı ilə əlaqə yaratmışdır. Bu cəmiyyət 1920-ci ildə yaradılıb, hazırda öz sıralarında 75 mindən artıq qadını birləşdirir. Azərbaycan Dillər Universitetində namizədlik və doktorluq dissertasiyaları üzrə Müdafiə Şurasının üzvü olmuşdur. Bir sıra doktorant və aspirantlara rəhbərlik etmiş, müxtəlif ali təhsil ocaqlarında elmi işlərə opponentlik etmişdir. Dünyanın 65-dən çox ölkəsində olmuş və onların 30-dan çoxunun universitetlərində mühazirələr oxumuşdur.
Mükafatlar
Azərbaycanın "Şöhrət" ordeninə, İngiltərə Bioqrafiya Mərkəzi tərəfindən 1998, 2003-cü illərdə "İlin qadını", 2000-ci ildə isə "Əsrin qadını" adlarına layiq görülmüşdür. Bununla yanaşı, dünyada ictimai fəaliyyətinə görə ABŞ, İngiltərə, Kanada, Cənubi Koreya və s. ölkələrin mükafatlarını almışdır. BMT-nin nəzdində fəaliyyət göstərən "Bütün Dünyada Sülh" federasiyası tərəfindən "Sülhməramlı Səfir" diplomu ilə təltif edilmişdir.
Z.Verdiyevanın tərcümeyi-halı 1998-ci ildə Nyu-Yorkda (ABŞ) "Beynəlxalq Tərcümeyi-Hal" Soraq Kitabçasına daxil edilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Zemfira Verdiyeva 9 noyabr 2010-cu ildə Bakıda vəfat etmişdir.
İki qızı var. Bir qızı elmlər doktoru, professor, digəri isə hüquqşünasdır.
Z.Verdiyevanın dünya ölkələrindən aldığı 50-dən çox şlyapadan ibarət zəngin baş geyimləri kolleksiyası var.