Tofig Oghuz
Quick Facts
Biography
Tofiq Oğuz (tam adı: Tofiq Qafar oğlu Rzayev; 19 yanvar 1945, Yaqublu, Vartaşen rayonu – 8 may 1992, Şuşa rayonu) — Qarabağ müharibəsi vaxtı mövcud olmuş Azərbaycan Qarabağı batalyonunun komandiri.
Haqqında
Tofiq Rzayev 19 yanvar 1945-ci ildə Oğuz rayonunun Yaqublu kəndində anadan olub. Yaqublu kənd orta məktəbini bitirdikdən sonra 2 il Sumqayıt Texnologiya Texnikumunda oxuyub, daha sonra Rusiyanın Sankt-Peterburq şəhərində hərbi xidmət keçmişdir. Xidmətini başa vurduqdan sonra Bakı Ali İdman məktəbində ali təhsil alıb və sambo üzrə idman ustası adını qazanıb. Hələ gənc yaşlarında idmana olan böyük marağı onu Azərbaycanda sambonun banisi İsmayıl Əhmədovun sinfinə gətirib çıxardıb. 1961-1962-ci illərdə Azərbaycanda gənclər arasında keçirilən yarışlarda birinci yerin sahibi olub. Bununla kifayətlənməyən Tofiq Oğuz ölkə hüdudlarında da sambo üzrə nailiyyətlər əldə edib. SSRİ idman ustası adını alan, beynəlxalq dərəcəli hakim kimi Ümumittifaq yarışlarında, turnir və çempionatlarda Azərbaycanı təmsil edib. Uzun illər Bakı və Sumqayıtda müəllim işləyib, daha sonra öz elinə, obasına qayıdaraq burada rayon rəhbərliyinin diqqətini cəlb edib və Oğuz Rayon İdman Komitəsinin sədri vəzifəsinə təyin olunub. Vətənini azad və müstəqil görmək istəyən Tofiq Oğuz 1988-ci ildə başlayan milli azadlıq hərəkatının fəallarından biri olub, siyasi meydana atılıb, ətrafına hərəkat tərəfdarlarını toplamağı bacarıb və AXC-nin Oğuz Rayon Şöbəsinin liderinə çevrilib. Elinə obasına bağlı olan Tofiq Rzayev Oğuz rayonunun adını özünə təxəllüs götürüb.
Şəxsi həyatı
1988-ci il iyunun 18-də Güləsər Hüseynova ilə ailə həyatı qurub. Polad və Qafar adlı oğlu, Nüşabə adlı qızı var. Polad və Qafar hal-hazırda hərbçi olaraq fəaliyyət göstərirlər.
Hərbi xidməti
1989-cu ildə AXC dövlət qeydiyyatına alındıqdan sonra könüllülərdən ibarət dəstə Ermənistanla sərhəd kəndlərimizin müdafiəsində dayanır. Ermənilərin Qarabağ iddialarının açıq müstəviyə keçməsi və 1990-cı ilin 20 yanvar faciəsi Tofiq Oğuzu Şuşaya gətirib çıxarır. O, öz istəyi ilə Oğuz Rayon İdman Komitəsinin sədri vəzifəsindən istefa verərək Şuşada yaratdığı Azərbaycan Qarabağı batalyonunun komandiri olur. Şuşanın işğalından əvvəl Şuşada yerləşən ən iri batalyonlardan biri olan 500 nəfərlik Azərbaycan Qarabağı batalyonunun batalyon komandiri Tofiq Oğuzun sağ qalıb-qalmaması haqda heç bir məlumat yoxdur. Sonuncu dəfə Laçın dəhlizində başından yaralı vəziyyətdə görünüb.
Həmçinin bax
- Azərbaycan Qarabağı batalyonu
- Şuşanın işğalı
Mənbələr
- G.Pənah.; "Oğuz şəhidləri və itkinləri", Mütərcim, Bakı-1999, səh:208-2017
- Verdiyev İ.:"Yaqublu və yaqublular", Sumqayıt-2003, səh:75-77
- Kərimova M.; "Tanıyaq və tanıtdıraq" (Bu kitab Təhsidə İnkişaf və İnnovasiyalar üzrə IV qrant Müsabiqəsində qalib olmuş "Tanıyaq, tanıtdıraq" layihəsi çərçivəsində çap olunmuşdur), "M.Dizayn" MMC, Bakı-2020. səh:90-92
- Verdiyev İ."Yaqublu kəndi və onun məktəbi", Mingəçevir-2022, səh:214-216