Tariyel Abdullayev
Quick Facts
Biography
Tariyel Abdullayev (tam adı: Tariyel Hacıbala oğlu Abdullayev; 25 fevral 1965, Lənkəran, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ – 26 yanvar 1990, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.
Həyatı
1965-ci il fevralın 25-də Lənkəranda anadan olub. Əvvəlcə Lənkəranda 2 nömrəli orta məktəbdə 10 il təhsil almış, daha sonra isə 169 nömrəli texniki peşə məktəbini bitirərək bərbərlik sənətinə yiyələnmişdir. Əsgərlikdən qayıtdıqdan sonra, Kalinin adına cihazqayırma zavodunda fəhlə işləmişdir.. Subay idi.
Qanlı Yanvar faciəsi
Yanvarın 26-da Lənkəranın Haftoni meşəsində hərbçilər Xalq cəbhəsinin 5 üzvünü güllələmiş, 46 adamı tutub vertolyotla Bakıya göndərmişlər. Tariyel də tutulanların arasında olmuşdur. Hərbçilər vertolyotda tutulan adamları üzü üstə yıxıb məftillə qollarını və ayaqlarını arxadan boğazlarını bağlamışlar. Tariyelin boğazına bağlanan məftili möhkəm sıxıblar. O, boğulan vaxt həmyerliləri hərbiçilərdən xahiş edib ki, Tariyelin boğazına bağlanan məftili boşaltsınlar. Onda hərbçilər məftili daha da möhkəm sıxıb, onun boğulmasına tamaşa edib ləzzətlə gülüblərmiş. Tariyel elə həmin gün vertolyotda boğulub. Bir gün sonra onun meyidi Bakıdakı mərkəzi ölüxanaya təhvil verilib. Onu Bokoviç V. V. familiyalı bir milis mayoru gətirib.
Yanvarın 31-də Şəhidlər Xiyabanında dəfn edilmişdir. Əvvəlcə Əli adı ilə dəfn edilmiş, lakin dəfn edilməzdən əvvəl fotoşəkli çəkildiyindən Tariyeli sonradan tanımaq mümkün olmuşdur. Valideynləri isə onun ölümündən ancaq fevralın 12-də xəbər tutmuşdur.
Ünvan
Lənkəran şəhəri, Kirov küçəsi, 180.