Simon de Sismondi
Quick Facts
Biography
Simon de Sismondi — fransız iqtisadçısı və tarixçisi.
Həyat və fəaliyyəti
Simon de Sismondi isveçrə mənşəli fransız iqtisadçısı və tarixçisidir. O, 1773-cü ildə doğulmuş, 1842-ci ildə vəfat etmişdir. Sismondinin sosial-iqtisadi baxışlarının inkişafı iki mərhələyə bölünür. Birinci mərhələdə o, A.Smitin davamçısı və təbliğatçısı olmuş, onun təbii azadlıq prinsiplərini tamamilə müdafiə etmişdir. Onun bu mövqeyi öz ifadəsini "Toskananın kənd təsərrüfatının təsviri" və "Kommersiya sərvəti və ya ticarət qanunvericiliyinə tətbiqində siyasi iqtisadın prinsipləri" əsərlərində tapmışdır. Lakin sonradan sənaye çevrilişinin nəticələri xırda istehsalçıların var-yoxdan çıxması, işsizlər ordusunun yaranması, qadın və uşaq əməyindən geniş istifadə edilməsi Sismondinin sosial-iqtisadi baxışlarına güclü təsir etmişdir. Bundan sonra o, A.Smitin təbii azadlıq və şəxsi mənafelərin azadlığı prinsipinə qarşı çıxaraq kapitalizmin təbiiliyi və əbədiliyi müddəalarını şübhə altına almışdır. Bu müvqedən o, böyük həcmli ikicildli "Siyasi iqtisadın yeni əsasları və ya özünün əhaliyə münasibətindən götürülmüş sərvət haqqında" və "Siyasi iqtisad üzrə etüdlər" əsərlərini yazmışdır. O, bu əsərlərində kapitalizmin əsaslarını- xüsusi mülkiyyəti, sahibkarlıq fəaliyyətini, qiymət siyasətini saxlamaqla azad rəqabəti, şəxsi mənafelərinazad oyununu və iri sahibkarlıq fəaliyyətini tənqid etmişdir. Sismondi əməyin kapital tərəfindən istismar olunduğu fikrini irəli sürmüşdür. Ona görə kapitalistlər əməyi sadəcə olaraq onun yaşaması üçün zəruri olandan daha çox işləməklə deyil, eyni zamanda az əmək haqqı ödəmək vasitəsilə də istismar etməkdədir. O, mənfəəti "Artıq dəyər" adlandırmış, onun fəhlə tərəfindən yaradıldığını və kapitalist tərəfindən mənimsənildiyini qeyd etmişdir. Onun "artıq dəyər" anlayışını Marks sonradan izafi dəyər adlandırmışdır. O, göstərir ki, əmək məhsuldarlığının hədsiz artması nəticəsində yalnız varlıların israfçılığı və həzzi artır və millət sənətkarlıq və sənaye sahəsində nə qədər çox inkişafa nail olursa, zəhmətkeşlər arasında qeyri-bərabərlik bir o qədər çox olur, biri nə qədər çox çalışarsa digəri bir o qədər çox varlanır.
Əsərləri
- İtaliya respublikalarının tarixi (2 cild), 1807
- Fransanın tarixi (31 cild),
- Toskananın kənd təsərrüfatının təsviri (1801)
- Kommersiya sərvəti və ya ticarət qanunvericiliyinə tətbiqində siyasi iqtisadın prinsipləri(1803)
- Siyasi iqtisadın yeni əsasları və ya özünün əhaliyə münasibətindən götürülmüş sərvət haqqında(1819), 2 cildli
- Siaysi iqtisad üzrə etüdlər (1837).