Shirzad Eyyubov
Quick Facts
Biography
Şirzad Şahbaz oğlu Əyyubov (1 yanvar 1953, Gəgəli, Ağsu rayonu) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Milli Məclisinin 1-ci və 2-ci çağırış üzvü; Şamaxı rayonunun icra başçısı (1992–1993).
Həyatı
Şirzad Əyyubov 1953-cü il yanvar 1-də Ağsu rayonunun Gəgəli qəsəbəsində anadan olub. M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda ali təhsil alıb. Rus dilini bilir. 1995–2000-ci illərdə Müsavat Partiyasının üzvü və Müsavat Partiyası Şamaxı Rayon Şöbəsinin sədri olub. Ailəlidir, 2 övladı var.
Fəaliyyəti
Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 18 noyabr 1992-ci il tarixli 320 nömrəli Fərmanı ilə Şirzad Əyyubov Şamaxı rayonunun icra başçısı vəzifəsinə təyin edilib. Azərbaycan Prezidenti Heydər Əliyevin 10 noyabr 1993-cü il tarixli 20 nömrəli Fərmanı ilə isə Şirzad Əyyubov Şamaxı rayonunun icra başçısı vəzifəsindən azad edilib.
1996-cı il fevralın 4-də baş tutan Parlament seçimlərində 98 nömrəli Şamaxı dairəsindən Müsavat Partiyasının namizədi olan Şirzad Əyyubov 1-ci çağırış Milli Məclisin deputatı seçilib. 1996-cı il fevralın 4-dən səlahiyyətlərinin icrasına başlayan Şirzad Əyyubov Milli Məclisin Elm və təhsil məsələləri Daimi Komissiyasının və Azərbaycan—Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan Parlament seçimlərində 98 saylı Şamaxı-Ağsu dairəsindən Müsavat Partiyasının namizədi olan Şirzad Əyyubov 2-ci çağırış Milli Məclisin deputatı seçilib. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Şirzad Əyyubov Milli Məclisin Elm və təhsil məsələləri Daimi Komissiyasının və Azərbaycan—Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
2000-ci ildə Müsavat Partiyası İdarə Heyətinin qərarına əsasən Şirzad Əyyubov, Müsavat Partiyasının mövqeyinə zidd olaraq deputat mandatını qəbul elədiyinə görə Müsavat Partiyasının sıralarından xaric edildi.