Ramiz Poluxov
Quick Facts
Biography
Ramiz Şamil oğlu Poluxov (1 may 1967, Sadaxlı, Marneuli rayonu) — Azərbaycanlı uşaq cərrahı, tibb elmləri doktoru (2018), professor (2019), Rusiya Uşaq cərrahları assosiasiyasının üzvü (2003), Azərbaycan Uşaq cərrahları assosiasiyasının sədr müavini (2008), Rusiya Cərrahlar Cəmiyyətinin və Rusiya Endoskopik Cərrahlar cəmiyyətinin üzvü (2009), Rusiya Pediatrlar İttifaqının üzvü (2010).
Həyatı
Poluxov Ramiz Şamil oğlu, 1 may 1967-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Sadaxlı kəndində anadan olmuşdur. 1974-1984-cü illərdə Sadaxlı kənd 2 saylı orta məktəbində təhsil almışdır.1984-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Pediatriya fakültəsinə daxil olmuş və 1992-ci ildə N.Nərimanov adına təqaüdlə bitirmişdir.
1992-1994-cü illərdə ATU-nun Uşaq cərrahlığı kafedrasında klinik ordinatura keçmiş, 1994-1998-ci illərdə Uşaq cərrahlığı kafedrasında baş laborant, 1998-2007-ci illərdə assistent, 2007-2017-ci illərdə dosent vəzifələrində çalışmışdır. 2019-cu ildən isə professor vəzifəsində çalışır. Eyni zamanda 2000-2013-cü illərdə Uşaq cərrahlığı kafedranın tədris hissə müdiri, 2013-2017-ci illərdə ATU-nun Tədris Cərrahiyyə klinikasının Uşaq cərrahiyyəsi şöbəsinin müdiri olmuş, 2017-ci ildən indiyədək ATU-nun Uşaq cərrahlığı kafedrasının müdiri vəzifəsində çalışır. 2018-ci ilin iyun ayından ATU-nun Tədris Cərrahiyyə klinikasının baş həkimidir.
2003 və 2009-cu illərdə Uşaqlarda laparoskopik cərrahiyyə, 2011-ci ildə Uşaq koloproktologiyası və endoskopik cərrahiyyə, 2012-ci ildə Uşaqlarda Torakoskopik və Robort cərrahiyyəsi, 2015-ci ildə Uşaq urologiyası və andrologiyası, 2019-cu ildə Səhiyyənin Təşkili və İdarəetmə üzrə ixtisaslaşma kursları keçmişdir.
2003-cü ildən Rusiya Uşaq cərrahları assosiasiyasının, 2009-cu ildən Rusiya Cərrahlar Cəmiyyətinin və Rusiya Endoskopik Cərrahlar cəmiyyətinin, 2010-cu ildən Rusiya Pediatrlar İttifaqının üzvü, 2008-ci ildən Azərbaycan Uşaq cərrahları assosiasiyasının sədr müavinidir.
Elmi fəaliyyəti
1999-cu ildə professor Ç.B.Quliyevin rəhbərliyi altında «Uşaqlarda qara ciyər exinokokkozunun cərrahi müalicəsinin yaxşılaşdırma yolları» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsini almışdır.
2018-ci ildə “Uşaqlarda xroniki qəbzliklə müşayət olunan cərrahi patologiyaların diaqnostikası və kompleks müalicəsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tibb elmlər doktoru alimlik dərəcəsini almışdır.
200-dən çox elmi məqalənin, həmçinin “Uşaqlarda exinokokkoz xəstəliyi” monoqrafiyasının və “Uşaq cərrahlığı fənninin tədris proqramı”-nın həmmüəlliflərindən biri, 10-dan artıq tədris metodiki vəsaitin, 3 metodiki tövsiyənin və 2 səmərələşdirici təklifin müəllifidir. 40-dan artıq Beynəlxalq konqresslərdə iştirak və məruzə etmişdir. Ayrı-ayrı illərdə ATU-nun Cərrahiyyə ixtisası üzrə problem komissiyasının üzvü və katibi, ATU-nun nəzdində Dissertasiya Şursının Aprabasiya Seminarının üzvü və sədr müavini kimi çalışmışdır.
Mənbələr
- İlyas Adıgözəlli."Borçalının Sadaxlı dünyası". Bakı, 2014,səhifə 302-303.
- Məmməd Sarvan."Borcalı alimləri". Bakı, "Azərbaycan Milli Ensiklopediyası" nəşriyyatı, 2001, 510 s.