Rahim Huseynov
Quick Facts
Biography
Rəhim Hüseynov (tam adı: Rəhim Hüseyn oğlu Hüseynov; 22 iyul 1961, Bakı – 12 may 2014, Bakı) — iqtisadçı, Azərbaycan Marketinq Cəmiyyəti İdarə Heyətinin sədri, AMEA prezidentinin müşaviri.
Həyatı
Rəhim Hüseynov 1961-ci il iyulun 22-də Bakı şəhərində anadan olub. 1978–1983-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunun "Mühəndis-iqtisad" fakültəsində təhsil alıb. 1991–92-ci illərdə İstanbul Dövlət Universitetində "İdarəetmə" fakültəsində magistr pilləsi üzrə təhsilini davam etdirib.
AMEA Kibernetika İnstitutunun nəzdində yaradılmış Avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsində mühəndis, böyük mühəndis, böyük iqtisadçı, I dərəcəli iqtisadçı vəzifələrində çalışıb. "SİAR" şirkətində təsisçilərdən biri və baş menecer, "Marketinq mütəxəssisləri" İctimai Birliyində idarə heyətinin sədri, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzi və nazirliyin Antiinhisar Siyasəti Departamentinin direktoru, İqtisadi İnkişaf Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun müşaviri olub.
1997–1998-ci illərdə BMT Sənayenin İnkişafı Təşkilatında (UNİDO) Azərbaycan üzrə milli ekspert kimi fəaliyyət göstərib. 1997–2002-ci illərdə Avropa İctimai Rəy və Marketinq Araşdırmaları Cəmiyyətinin (ESOMAR) üzvü, 2000–2002-ci illərdə Böyük Britaniya Marketinq Akademiyasının və Amerika Marketinq Assosiasiyasının Himayəçilər Şurasının üzvü olub. 2003–2005-ci illərdə Beynəlxalq İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Regional Planlaşdırma Şurasında təşkil olunan iclaslarda ölkəmizin rəsmi nümayəndə heyətinə rəhbərlik edib. 2005-ci ildən bu günə qədər Dünya İqtisadi Forumunun Azərbaycanda tədqiqatlar üzrə tərəfdaşı, 2006-cı ildən Ümumdünya Ticarət Təşkilatı Beynəlxalq Ticarət Mərkəzinin Azərbaycanda rəsmi tərəfdaş Qrupunun rəhbəri, Azərbaycan Kənd Təsərrüfatına Yardım Layihəsi üzrə Milli ekspertlər Komissiyasının üzvü olub.
Rəhim Hüseynov 12 may 2014-cü ildə səhər saat 6:30 radələrində vəfat edib.
Xatirəsi
2014-cü il iyul ayının 22-də Azərbaycan Marketinq Cəmiyyəti və İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu birgə iqtisadçı-alim Rəhim Hüseyn oğlu Hüseynovun əziz xatirəsinə həsr olunmuş anım gününu keçirmişdir. Rəhim Hüseyn oğlu Hüseynova həsr olunan "Xatirə günü"nü İİETİ-nin direktoru Vilayət Vəliyev açmışdır. Tədbirdə İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutununun elmi işçiləri, Azərbaycan Marketinq Cəmiyyətinin əməkdaşları və Rəhim Hüseynovun yaxınları iştirak etmişlər.