Peri Topchubashova
Quick Facts
Biography
Pəri xanım Topçubaşova (d. 1873, Rusiya imperiyası — ö. 1947, Fransa, Paris) — Azərbaycanın birinci xanımı, Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı.
Həyatı
Ailəsi
İki il Bakıda işsiz qalan Həsən bəy Zərdabi 1880-cı ildə ailəsi ilə birlikdə doğma kəndinə Zərdaba köçür. Bu zaman onun böyük qızı Pərinin 7 yaşı var idi. Ailənin maddi vəziyyəti ağır olsa da Həsən bəy qızını oxutmaq arzusu ilə yaşayırdı. Azərbaycanda qız məktəbi olmadığından Həsən bəy qızını Tiflisə aparır və vaxtı ilə Hənifə xanımın təhsil aldığı rus qız gimnaziyasına qoyur.
Tiflis mətbu orqanları və ziyalıları ilə mütəmadi əlaqə saxlayan Həsən bəy tez-tez gimnaziyaya gəlir, qızının dərsləri ilə maraqlanırdı. Qısa bir müddətdə Pəri xanım həm təhsili, həm də yüksək ədəb-ərkanı ilə müəllimlərinin hörmətini qazanır. Beləliklə, Tiflisdə rus qız gimnaziyasında ilk təhsil alan azərbaycanlı qız Pəri xanım oldu.
Araşdırmaçı Qərənfil Dünyamin qızı yazır ki, Pəri xanım hələ Tiflisdə rus-qız gimnaziyasında oxuyarkən təhsilə, yeniliyə olan marağı ilə yanaşı Şərq qadınlarına xas olan gözəlliyi, saflığı, sadəliyi ilə də Əlimərdan bəyin diqqətini cəlb edib. Aralarında səmimi bir dostluq yaranır və bu dostluq sonralar ülvü məhəbbətə, sədaqətli ömür-gün yoldaşlığına cevrilir.
1893-ci il 31 dekabrda Tiflisdə Əlimərdan bəy Topçubaşov ilə ailə qurub. Onun atası olan Zərdabi çox mütərəqqi ziyalı olmasına baxmayaraq, qızı üçün Topçubaşovdan 10 min rubl başlıq pulu istəmişdi. Amma Topçubaşovun bu qədər pulu olmadığından o və Pəri toy mərasimi keçirməməyi və qənaət olunan pulu Həsən bəyə verməyi qərara almışdılar. Məktubda Pəri xanım yazırdı:
Mənim əziz anam, heyflər olsun ki, sən bizim toyumuzda iştirak edə bilmədin. Dünən 31 dekabr tarixində kəbinimiz kəsildi və mən Mərdan bəyin evinə köçdüm. Hər şey çox gözəl və şən keçdi, bunu hətta xalam da təsdiqləyə bilər. Heyif bircə sən yox idin. Əzizim mənim, bilirəm ki, sən burada olsaydın mənim xoşbəxtliyimə şərik olardın. Amma mən ümüd edirəm ki, imkan tapan kimi sən yığışıb bizə gələcəksən. Mərdan bəyin kənd məktəbində dərsləri var və məzuniyyət götürmək üçün münasib vaxt deyil. Mərdan bəy söz verib ki, sənin arzunu həyata keçirəcək və sənin sevimli qızına layiq həyat yoldaşı olacaq. Ana can bağışla ki, biz hər şeyi səndən xəbərsiz etmişik, amma mən ümüd edirəm ki, sən heç bir şeyə qarşı etraz etməyəcəksən. Öpürəm səni. Səni sevən qızın. Mənim ünvanım. Starovnaya küçəsi, Vinasovun evi. Pəri xanım Topçubaşova
Pəri xanım Topçubaşovanın 5 övladı olmuşdur. Onlardan dördü – oğulları Ələkbər bəy, Ənvər bəy Topçubaşov, qızları Sara xanım Sultanoğlu, Sevər xanım Topçubaşova anaları ilə birlikdə Əlimərdan bəy Topçubaşovun dəfn mərasimində iştirak etmişlər. Pəri xanım Fransada mühacirətdə olmuş və 1947-ci ildə orada dünyasını dəyişmiş, Paris yaxınlığında Sen-Klu məzarlığında, vəfalı həyat yoldaşı Əlimərdan bəy Topçubaşovun yanında dəfn olunub.
Qardaşı Midhət bəy Məlikov Bakı real məktəbini bitirib; Almaniyada (Köln) Böyük Hersoq Politexnik Texnikumunda elektrik mühəndisi ixtisasını qazanıb (1901); 1915-1925-ci illər arası Qazanda yaşayıb. 1925-dən Bakıda, 1928-dən Gəncədə yaşayıb (9 yanvar küç., 67), Gəncə Şəhər Kommunal Təsərrüfatı İdarəsinin torpaq-plan şöbəsində çalışıb; 19.5.1931-5.4.1932 arası həbsdə olub; kommunistlər 22.2.1935-də yenidən həbs edərək 3 il veriblər, ancaq sonrakı taleyi bilinmir.
"…Midhət bəy atasının yolu ilə getmişdir. Bildiyimiz kimi, Mingəçevir su elektrik stansiyasının ilk ideyasını Həsən bəy Zərdabi [verərək] hələ vaxtikən demişdir ki, Mirgəçevir ərazisində, köhnə poçtun yerində su elektrik stansiyası qurulsa Milin, Muğanın susuzluqdan sinəsi sadar-sadar olmuş düzənlikləri, şoranlıqları gülüstana çevrilər. Məlumatımıza görə, Həsən bəy Zərdabinin böyük oğlu Midhət bəy Məlikov Lənkəranda öz hesabına Xanbulançay üzərində su elektrik stansiyası qurmaq istəyində olub. Elə oradan qolları qandallı Bakıya gətirilib, güllə-qurğuşuna verilib. Çox güman ki, o, bu işıqlı ideyasının, xeyirxah işinin oduna düşüb…" (Səttar Zərdabi. Həsən bəy Zərdabinin böyük oğlu Midhət bəy Məlikovu ermənilər güllələdib ("Güzgü" qəz., 29.12.2007, №7-8)
Şəkillər
- Atası Həsən bəy Zərdabi və anası Hənifə xanım Məlikova ilə