Nurlan Ahmedli
Quick Facts
Biography
Nurlan Rəhim oğlu Əhmədli (12 oktyabr 1996, Xaçmaz, Oğuz rayonu – 26 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Həyatı
Nurlan Əhmədli 12 oktyabr 1996-cı ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2003-ci ildə M. F. Axundov adına 1 nömrəli tam orta məktəbinə daxil olmuşdur. 2014-ci ildə məktəbi bitirmişdir. 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetində İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisası üzrə Bakalavr təhsili almışdır.
Hərbi xidməti
Nurlan Əhmədli 2019-cu ilin yanvarında Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ilin iyulunda da xidmətini uğurla başa vurmuşdur.
İkinci Qarabağ müharibəsində iştirakı
Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Nurlan Əhmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azad edilməsində savaşıb. Nurlan Əhmədli Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Nurlan Əhmədli oktyabr ayının 27-də Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Əhmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Əhmədli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Təltif və mükafatları
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
- (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)