Nizameddin Quliyev
Quick Facts
Biography
Nizaməddin Məhəmməd oğlu Quliyev — Ağstafa Rayon İcra Hakimiyyətinin və Goranboy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, iqtisad elmləri namizədi.
Həyatı
Quliyev Nizaməddin Məhəmməd oğlu 1 sentyabr 1954-cü ildə Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olmuşdur.
Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatı iqdisadiyyatı və təşkili institutunun aspiranturasını bitirmişdir.
1972-ci ildən əmək fəaliyyətinə başlamış, 2009–2019-cu illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2019-cu ilin tarixli Sərəncamı ilə Ağstafa Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
2 sentyabr 2014-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur.
Ailəli idi, 3 övladı var.
Həbsi
2019-cu il dekabrın 19-da Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb. O, icra başçısı işlədiyi müddətdə müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almaqda günahlandırılır. Həmçinin fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almaqda günahlandırılır.
Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməkdə şübhəli bilinir.
Vəfatı
Nizaməddin Quliyev 2021-ci ildə həbsxanada olarkən sentyabrın 7-də Gəncə modul tipli xəstəxanasında COVID-19-dan vəfat edib. Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində dəfn edilib.