Murad Huseynov
Quick Facts
Biography
Murad Fərid oğlu Hüseynov (1 dekabr 1973(1973-12-01), Bakı) — pianoçu, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Respublikasının xalq artisti (2011), Beynəlxalq Muğam Mərkəzinin direktoru (2011-ci ildən).
Həyat və yaradıcılığı
Murad Hüseynov 1 dekabr 1973-cü ildə Bakıda anadan olub. O, yaradıcılıq fəaliyyətinə Bülbül adına Orta Xüsusi Musiqi Məktəbində başlayıb. 1991–1996-cı illərdə Bakı Musiqi Akademiyasında təhsil alaraq buranı fərqlənmə diplomu ilə bitirib və 1996–1999-cu illərdə bu Bakı Musiqi Akademiyası aspirantı (professor F.Bədəlbəylinin sinfi) olub. M.Hüseynov Fransa hökuməti tərəfindən təqaüdə layiq görülərək 2000–2002-ci illərdə A.Korto adına Paris Ali Musiqi Akademiyasının Liseyində, 2004–2006-cı illərdə isə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında peşəkar musiqi təhsilini davam etdirib.
Murad Hüseynov beynəlxalq piano müsabiqələri laureatı (Fransa, 1998) və mükafatçısıdır (Tbilisi, Gürcüstan, 1997). O, Limojda keçirilən 3-cü Fransis Pulenk beynəlxalq piano müsabiqəsinin qalibidir (Fransa, 2002). O həmçinin fransız bəstəkarlarının əsərlərini ən yaxşı ifa etdiyinə görə 3 xüsusi mükafat da qazanmışdır.
Pianoçu dünyanın müxtəlif ölkələrində (Fransa, İngiltərə, ABŞ, İtaliya, İspaniya, Türkiyə, Yaponiya, Rusiya, Almaniya, Macarıstan, Gürcüstan, Malta, Əfqanıstan və s.) Azərbaycanın ifaçılıq mədəniyyətini təmsil edir. O, bir çox klassik musiqi festivallarında iştirak etmişdir: Bax Musiqi Festivalı (İstanbul, 2000), Piano Festivalı (İstanbul, 2000), Fortepiano Festivalı (İstanbul, 2000), Fortepiano Festivalı (Hiroşima, 2002), Musiqili Kreml (Moskva, 2004) və s.
Musiqiçi bir sıra məşhur orkestr və ansambllar — London Kral Filarmonik Orkestri, Limoj Simfonik Orkestri (Fransa), Azərbaycan Dövlət Simfonik Orkestri, Qara Qarayev adına Dövlət Kamera Orkestri, (Azərbaycan), Yeni Rus Kvarteti (Rusiya) və s. ilə konsertlərdə çıxış etmişdir. Onun çıxış etdiyi konsert zalları sırasına P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasındakı Raxmaninov zalı, Dövlət Kreml Sarayı (Moskva), Pleyel, Korto zalları, Fransa Senatı əsas zalı, Beynəlxalq Diplomatik Akademiya (Paris), Auditoriya (Roma), Dunay Sarayı (Budapeşt), Camal Rəşid Rey (İstanbul) və s. daxildir.
Murad Hüseynov Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, 2011-ci ilin noyabr ayında Beynəlxalq Muğam Mərkəzinin direktoru təyin edilmişdir.
Mükafatları
- Azərbaycan
- "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 16 sentyabr 2005
- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20 dekabr 2011
- Azərbaycan Respublikası Prezidentinin mükafatı — 2009, 2010, 2011
- Digər dövlətlər
- Fransa Senatının medalı — 2011
- İncəsənət və Ədəbiyyat ordeni (Fransa) — 2012
- "Ləyaqət" ordeninin cəngavərlik xaçı (Macarıstan) — 2012