peoplepill id: mohammadali-sidgi-safarov
MSS
Russia
1 views today
1 views this week
Mohammadali Sidgi Safarov
Azerbaijani journalist, teacher

Mohammadali Sidgi Safarov

The basics

Quick Facts

Intro
Azerbaijani journalist, teacher
Places
Gender
Male
Birth
Place of birth
Ordubad, Ordubad District, Nakhchivan Autonomous Republic, Azerbaijan
Death
Place of death
Sumgait, Azerbaijan
Age
68 years
Family
Mohammadali Sidgi Safarov
The details (from wikipedia)

Biography

Məmmədəli Sidqi Səfərov (tam adı: Məmmədəli Məhəmməd Tağı oğlu Səfərov; 1888, Ordubad, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası1956, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — müəllim, yazıçı, jurnalist. "İrşad" qəzetinin əməkdaşı (1906–1908), "Molla Nəsrəddin"in müvəqqəti redaktoru (1910–1911) olmuşdur.

Həyatı

Məmmədəli Sidqi Səfərov 1888-ci ildə Ordubad şəhərində məşhur maarifçi ədib Məhəmməd Tağı Sidqinin ailəsində dünyaya göz açmışdır. Ailə çoxuşaqlı olmuşdur. Ordubadda qısa müddətdə müəllim kimi şöhrətlənən Məhəmməd Tağı Sidqi 1894-cü ildə Naxçıvan şəhərinə dəvət olunmuş, maarifçilik fəaliyyətini burada davam etmişdir. Məmmədəli Sidqinin qeydlərindən öyrənirik ki, atası əvvəlcə Naxçıvana tək gəlmiş, bir il sonra, yəni 1895-ci ildə onu da yanına gətirərək "Məktəbi-tərbiyə"də təhsil almağa qoymuşdur. Ailə isə 1896-cı ildə Naxçıvana köçmüşdür.

1894–1900-cü illərdə "Məktəbi-tərbiyə"də ilk təhsilini almış, sonra isə Naxçıvan şəhər rus-müsəlman məktəbində oxumuşdur. Tərcümeyi-halında yazır: "Mən o zaman 6 sinifli şəhər məktəbində rus dilində oxuyurdum. O zaman mənim 16 yaşım hələ tamam olmamışdı. Atamın vəfatından sonra mən hələ iki il o məktəbdə oxumalı idim. Naxçıvan camaatı və atamın yaxın dostları ailəmizin başsız qaldığını nəzərə alaraq, öz aralarında pul topladılar və atamın yaxın dostlarından Şahbaz ağa Kəngərlinskiyə tapşırdılar ki, mən məktəbi bitirib işləyənə qədər ailəyə dayaq olsun". Sonra Məmmədəli Sidqi təhsilini tamama yetirmiş, imtahan verərək müəllimlik hüququ qazanmış və 1906-cı ildən etibarən Naxçıvan şəhərində, Şahtaxtı, Qıvraq və Qahab kəndlərində müəllimlik etmiş, qısa müddətdə bacarıqlı pedaqoq kimi tanınmışdır.

1906–1907-ci illərdə Naxçıvan şəhərində müəllim işlədiyi zamanlarda azadlıq hərəkatında iştirak etmiş, bəzi həmfikirləri ilə birlikdə gizli yolla siyasi məzmunlu intibahmnamələr hazırlayıb yaymışlar. 1907-ci ilin əvvələrində evində polislər tərəfindən mühasirəyə alınaraq axtarış edilmiş və heç bir şey tapılmadığına görə toxunan olmamışdır. Lakin yoldaşları Boqoslavski, onun bir nəfər gürcü yoldaşı və iki nəfər naxçıvanlı (Heydər Məmmədov və Nəcəfqulu Nəcəfov) həbsə alınıb sürgün edildilər. Məmmədəli Sidqini isə Naxçıvan məktəbindən çıxarıb kənd məktəblərinə müəllimliyə göndərdilər.

Çarizmin yerli məmurları azadfikirli bir gənc pedaqoq və qələm əhli kimi Məmmədəlidən şübhələnir və onu gözdən qoymurdular. Bir qədər sonra o, evinin axtarılmasını əldə bəhanə edilərək 1910-cu il iyun ayının 1-dən vəzifəsindən kənar edildi. Beləliklə Məmmədəli Sidqi çox sevdiyi müəllimlik peşəsindən uzaqlaşdırılır.

1911-ci ildə bir müddət Aşqabadda müəllimlik edir. Sonra Vətənə dönərək Bakıda və Bülbülə kəndində müəllimlik edir, eyni zamanda, mətbuat, teatr sahəsində çalışır, səmərəli fəaliyyət göstərirdi. "Nicat" mədəni-maarif cəmiyyətinin üzvü olmuşdur. Məmmədəli Sidqi 1916–1917-ci illərdə Bakıda "Sovqat", 1918-ci ildə "Açıq söz" kimi mətbuat orqanlarında mütərcimlik etmiş, Bakı aktyorlar ittifaqında katib və suflyor işləmişdir.

"Şeypur" və "Zənbur" jurnalları

Azərbaycan Xalq Cümhuriyyəti dövründə də Məmmədəli Sidqi ölkənin teatr həyatında fəallıq göstərmişdir. Bunlarla yanaşı 1919-cu ilin sentyabrından "Azərbaycan" qəzetinin redaksiyasında mütərcim, Azərbaycan Cümhuriyyəti Parlamentində katib vəzifəsində çalışmışdır. 1918–1919-cu illərdə şair Səməd Mənsurla həftəlik satirik "Şeypur" jurnalını nəşr etdirmiş, jurnalının redaktoru olmuşdur.

Sovet dövründə Məmmədəli Sidqi Azərbaycan Dövlət Teatr Truppasında inzibatçı, suflyor, "Kommunist" qəzeti redaksiyasında mütərcim kimi fəaliyyət göstərmiş, Azərbaycan zəhmətkeş və ədib şairlət ittifaqının katibi olmuşdur. Onun 1923-cü ildə "Kommunist" qəzeti redaksiyasında xronika şöbəsinin müdiri işləməsi də bəllidir. Həmin illərdə Azərbaycan Xalq Maarif Komissarlığında məlumat şöbəsinin müdiri kimi də fəaliyyət göstərmişdir. Həmçinin bir müddət "Sosialist Sumqayıtı" qəzetinin redaksiyasında da məsul işdə çalışmışdır.

Görkəmli ziyalı Məmmədəli Sidqi Səfərov 1956-cı ildə vəfat etmişdir. "Ədəbiyyat və incəsənət" qəzetinin 1 aprel 1956-cı il tarixli sayında başsağlığı dərc edilmişdir.

Fəaliyyəti

1905-ci ildən etibarən Məmmədəli Sidqi mətbuata müxtəlif yazılar göndərirdi. Xüsusən Bakıda çıxan "Həyat" və "İrşad" qəzetlərində onun bir sıra maraqlı yazıları dərc olunmuşdu.

Mirzə Cəlil Məmmədquluzadə 9 iyun 1910-cu il tarixli məktubunda Məmmədəlini Tiflisə "Molla Nəsrəddin" jurnalının idarəsində işləməyə dəvət etmişdir. Məmmədəli Sidqi ədibin şəxsi həyatında və "Molla Nəsrəddin"in tarixindəki ən mürəkkəb, ağır illərdə jurnalda bilik, bacarıq və istedad göstərmişdir. Mirzə Cəlil sonralar da Kəhrizli kəndində, başqa şəhərlərdə olanda Məmmədəli Sidqi ilə işgüzar əlaqə saxlayır, məktublaşır, göstərişlər verirdi. Xəstə M.Ə.Sabir Tiflisdə Mirzə Cəlilin evində yaşayanda, Məmmədəli Sidqi ona çox yaxşı qayğı göstərən, qulluğunda dayanan cavanlardan idi. Məmmədəli Sidqi üçün jurnalda ən çətin, məsul işlər maliyyə, senzura, gələn yazıları seçib növbəti sayda vermək idi. Cavanlığına baxmayaraq o, Mirzə Cəlilin daimi köməyi, işgüzar məktubları sayəsində bu işlərin də öhdəsindən gələ bilirdi. Məsələn, 25 avqust 1911-ci il məktubunda ədib ona yazırdı: "Jurnal gəldi. Yaxşı çıxıb. Səy elə ki, bu ay qalanları da çıxsın. Üzeyirlə bu kağızın içində 6 manat göndərdim. Cəlil".

Müxtəlif vaxtlarda Məmmədəli Sidqi "Molla Nəsrəddin" jurnalında bir sıra xəbər, məqalə və felyetonlarla çıxış etmişdir. Həmin jurnalda onun yazıları "Kalba Qənbər", "Kalba Kövsər", "Kövsər bəy", "Kərtənkələ", "Lavaş", "Cəfəng" kimi imzalarla verilmişdir.

Məmmədəli Səfərov (ayaq üstə soldan 2-ci) Hacıbəyov qardaşlarının teatr truppasında. Bakı, 1918–1919-cu illər

Məmmədəli Sidqi 1913-cü ildən müəllimlik edir, yerli qəzetlərə, "Molla Nəsrəddin"ə material yazır, bəzən həvəskar artistlərin tamaşalarında kiçik rollarda oynayırdı. 1917-ci ildə Bakıda A.M.Şərifzadənin rejissorluğu ilə səhnəyə qoyulmuş "Ölülər" pyesində Şeyx Nəsrullah rolunu ifa etmişdir. Bu rolu o, sonralar da oynamışdır. Bacarığı, işgüzarlığı, səmimiyyəti Məmmədəli Sidqini "Molla Nəsrəddin"in fəal əməkdaşı Ömər Faiqə, sevimli şair M.Ə.Sabirə, ədəbiyyatşünas F.Köçərliyə, mürəttib İsmayıl Həqqiyə, sonralar şair Səməd Mənsura, dramaturq C.Cabbarlıya, artist Kazım Ziyaya və b. ziyalılara da sevdirmişdi. O, bunlardan bir çoxu ilə məktublaşırdı.

1920-ci ilə qədərki dövrdə Məmmədəli Sidqi "Həyat", "İrşad", "Molla Nəsrəddin", "İqbal", "Yeni irşad" "Bəsirət", "Yeni iqbal", "Tazə xəbər", "Sədayi-həqq", "Sədayi-vətən", "Həqiqət", "Babayi-Əmir", "Azərbaycan", "Şeypur", "Zənbur" kimi mətbuat orqanlarında müxtəlif imzalarla ("Zadə", "Rizə", "Əfi", "Bekar", "Mühərrir", "Qəmiş", "Bir naxoş", "Şeypur", "Kabla Kövsər", "Kəzbi", "Kərtənkələ", "Lavaş" və s.) çoxsaylı məqalə və felyetonlarını oxuculara çatdırmışdır. Həmçinin atası Məhəmmədtağı Sidqinin "Kəblə Nasir", "Heykəli-insana bir nəzər", "Puşkin" kimi əsərlərini bu dövrdə Bakıda "Kaspi" mətbəəsində kitabça halında buraxdırmışdır. Sovet dövründə "Kommunist", "Vətən yolunda", "Sumqayıt işçisi" və digər mətbuat orqanlarında "MƏƏS", "İşçi MƏƏS", "M.Əli" və s. imzalarla çoxsaylı məqalələri, resenziyaları, tərcümələri dərc olunmuşdur.

Haqqında yazılmış əsərlər

  • Hüseyn Həşimli. Məmmədəli Sidqi və "Şeypur" jurnalı. Bakı: Elm və təhsil, 2014;
  • Nailə Səmədova. Məmmədəli Sidqinin arxivinin təsviri. Bakı: Elm, 2015;
  • Hüseyn Həşimli. "Şeypur" jurnalı və ədəbi-tarixi həqiqətlər. Bakı: Elm və təhsil, 2017;
  • Nailə Səmədova. Məmmədəli Sidqinin şəxsi fondu. Bakı: Elm və təhsil, 2017.

Mənbə

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Mohammadali Sidgi Safarov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Mohammadali Sidgi Safarov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes