Kenesary Khan
Quick Facts
Biography
Kenesarı xan (qaz. Кенесары Қасымұлы) (1802-1845)—Qazax xanlığının 20-ci hökmdarı.
Həyatı
1802-ci ildə anadan olmuş Kenesarı Qasım Xan oğlunun adını və soyadını qaynaqlarda Kine Sarı Sultan, Kenesarı Qasımov kimi də yazırlar. O, məşhur Qazax xanı Abılay xanın nəslindəndir.
Kazan xanlığını və Həştərxan xanlığını işğal edən Rusiya sərhədlərini cənuba və şərqə doğru genişləndirirdi. Lakin onun yeni əraziləri idarə edə biləcək nə məmurları vardı, nə də ordusu. Buna görə də Hindistandan və Çindən gələn karvan yollarını nəzarətdə saxlamaq üçün qalalar tikərək kiçik hərbi birliklərini həmin qalalarda yerləşdirməklə həm karvan yollarını nəzarətdə saxlayır, həm də bölgənin dağınıq və kiçik yerli idarəçilərinə təsir göstərirdi.
1715-ci ildən etibarən xalqı ata-baba yurdundan, otlaqlarından didərgin salaraq qazax çöllərinə sahib olan və yollar üzərində mühafizə qurğuları yaradan Rusiya İmperiyası 1731-ci ildə qazaxların Kiçik juzunun xanı Əbül Xeyrini Rusiya təbəəliyini qəbula məcbur etdi.
1750-ci ildən sonra Rusiya qalalarının sayını sürətlə artırmaqla yanaşı, onların müdafiə qabiliyyətini də artırırdı. Artıq Orta və Böyük juz da əsarət altına düşmüşdü. Qazaxlar isə pərakəndə və kiçik dəstələr şəkilində də olsa, ruslara müqavimət göstərirdilər.
Zəifləmiş, mərkəzi hökumətlərini itirmiş xalqlar Rusiyanın getdikcə onların torpaqlarını işğal etməsinə, hərəkətlərinin məhdudlaşdırılmasına etiraz etsələr də, güclü düşmənə qarşı sərt və qəti mübarizə apara bilmirdilər. 1785-1797-ci illərdə Kiçik juzdan Batır Sırım adıyla məşhurlaşan Sırım Datoğlunun öndərliyi ilə Rusiyaya qarşı üsyan baş verdi. Üsyan qəddarlıqla yatırıldı. Bundan sonra qazaxlar İsatayın rəhbərliyi ilə yeni üsyana qalxdılar. Cəmi üç il davam edən bu üsyan az vaxt içərisində sürətlə yayıldı. İsatay ruslar tərəfindən aldadılaraq öldürüldü. 1812-1827-ci ildə Bükey Orda hərəkatını da Rusiya yatırdı. 1822-ci ildə Rusiya Kiçik və Orta juzda xan hakimiyyətini ləğv etdi. 1836-1837-ci illərdə İ.Taymanov və M.Ötemisovun başçılıq etdiyi üsyanları da ruslar yatırdılar.
Bundan az sonra qazax çöllərində Rusiya əleyinə yeni bir hərəkat başladı. Bu hərəkata son qazax xanı Kenesarı başçılıq edirdi.
Kenesarı atası Qasım xan və böyük qardaşı Sarcan öldükdən sonra milli mübarizənin başına keçdi. O, 1820-1830-cu illərdəki üsyanlardan özünə dərs götürdü və ayrı-ayrı üsyanların heç bir nəticə verməyəcəyi nəticəsinə gəldi.
Rusiyanın gündən-günə gücləndiyini, qalalarını möhkəmlətdiyini, ordusunu və təchizatını yaxşılaşdırdığını görürdü. Yaxşı bilirdi ki, nizami ordu, mərkəzləşmiş hakimiyyət olmadan düşmənə qalib gəlmək olmaz.
Odur ki, gücünü iki istiqamətə yönəltdi. Birincisi, Rus hərbi birliklərinə, qalalarına və karvanlarına qəflətən basqın edərək sonra da gözdən yayınmaq. İkincisi, Qazaxlar arasında mövcüd olan Böyük, Orta və Kiçik juzları – tayfaları, eləcə də Türküstandakı kiçik hakimləri bir mərkəzdə birləşməyə məcbur etmək.
Kenesarı Qasımoğlu rusların aldadaraq öldürdüyü İsatayın döyüşçülərini də öz tərəfinə çəkdi. Onun başladığı hərəkat ilk günlər nə işğalçılara qarşı savaşı, nə də üsyanı xatırladırdı. Kenesarının dəstəsi sanki bir yolkəsən idi. Onlar Rus qalalarının zəiflərinini, karvanların az mühafizə olunanını seçərək oraya basqın edirdilər. Basqını uğurla başa vurduqdan sonra qəniməti də götürüb geniş qazax çöllərində "yoxa" çıxırdılar.
Rus əsgəri birlikləri Kenesarinin dəstəsini axtara-axtara əldən düşür, sonra da uğursuzcasına geri dönürdülər. Bu döyüş taktikası ilə Kenesarı həm silah və hərbi sursat əldə etmiş olur, həm də rus hərbi birliklərində bir səksəksə, qorxu yaradırdı.
1841-1845-ci illər Kenesarının Rusiyaya qarşı apardığı mübarizənin ən yüksək mərhələsi olmuşdur. Bu illərdə o cəsur və qorxmaz bir döyüşçü, bacarıqlı sərkərdə siyasətçi və diplomat olduğunu da göstərmişdir.
Kenesarı səriştəli, uzaqgörən bir lider idi və bu məziyyət döyüşlərdə onun qələbə çalmasına köməklik göstərirdi. Hələ 35 yaşında ikən Aktav ətrafında rus qoşunları ilə qarşılaşır və düşməni məğlub edərək xeyli miqdarda silah-sursat əldə edir. Bu qələbə onu yeni açıq döyüşlərə ruhlandırır. 26 aprel 1838-ci ildə Akmola qalasına hücuma keçərək qısa mühasirədən sonra oranı alır.
Kenesarının bu qələbəsi Rusiyanın hakim dairələrini bərk narahat etsə də, onun hücumlarının qarşısını ala bilmirlər. Kenesarının rəhbərlik etdiyi dəstələr Akmoldan Torqaya qədər olan ərazini Rusiya işğalından azad edərək güneyə doğru irəliləyir.
Kenesarı döyüşləri qələbə ilə başa vurmaq üçün daxildə sərt intizam yaratmağa çalışırdı. Ruslarla işbirliyində olan boy – tayfa bəylərini cəzalandırır, həmçinin qonşuluqdakı kiçik xanlıqlarla möhkəm diplomatik münasibətlər yaradırdı. Güneydəki Buxara əmirliyi və Çin ilə diplomatik və dostluq münasibətləri qurur. Orduda da islahatlar aparır. Nizami ordu və kəşfiyyat təşkilatı yaradır.
Orta və Kiçik juzu tabe etdikdən sonra Kenesarı özünü bütün qazaxların xanı elan edərək 1841-1845-ci illərdə bütün Qazaxıstanı idarə edir. Bu səriştəli, uzaqgörən xan ruslarla apardığı bütün döyüşlərdən qələbə ilə çıxır. Xivə xanı və Buxara əmirləri də ona hərbi yardımlar etməyə başlayırlar.
Ruslar 1844-cü ildə böyük qüvvə toplayaraq Kenesarı xanın üzərinə hücuma hazırlaşırlar. Kenesarı onunla ittifaqa girməyən, hər tərəfdən Ruslara yardım göstərə biləcək Kokant xanını cəzalandırmaq üçün 1845-ci ildə yürüşə başlayır. Bundan xəbər tutan ruslar quzeydən, Baykal gölü tərəfdən qəfil Qazaxıstana hücuma keçir. Ruslarla Kokand xanlığının hərbi qüvvələri arasında mühasirədə qalan Kenesarı qırğızlara müraciət edir.
Lakin istəyinə nail ola bilmir. Çünki ruslar qırğızları inandırmışdı ki, Kenesarı xan Çinlə ittifaqa girib. Kokand xanlığını özünə tabe etdikdən sonra qırğızların üzərinə yürüş təşkil edəcək. Düşmənin bu hiyləsinə inanan qırğızlar Kenesarıya kömək etməməklə həm qazaxların həm də özlərinin Rusiya işğalı altına düşməsinə şərait yaratmış olurlar.
Qazaxların milli şüurunun oyanmasına böyük təsir göstərmiş Kenesarı xan 1845-ci ildə rus ordusunun mühasirəsində qaldı. Hər zaman mərdliklə döyüşən sərkərdə bu dəfə də prinsipinə sadiq qaldı. Böyük Qazax çöllərini, dağlarını yaxşı tanıyan, mühasirəni yararaq qaçmaq imkanı olan Kenesarı Qasımoğlu sonadək döyüşü davam etdirdi. Lakin odlu silahlarla təchiz olmuş, toplardan istifadə edən Rus ordusu qəhrəmanlıqla döyüşən Kenesarı xan Qasımoğlunu öldürdülər. Bununla da Qazaxıstan yenidən rusların əsarətinə düşdü.
İstinadlar
Həmçinin bax
- Qazax xanlığı