Kamil Akimov
Quick Facts
Biography
Kamil Əlisoltan oğlu Akimov (d.11 iyul 1927, Sabirabad ş. - v.19 iyun 2019, Bakı ş.) – ictimai xadim, neft sənayesi təşkilatçısı, Azərbaycan Respublikasının "Əməkdar Mühəndis"i.
Həyatı
Kamil Akimov 1927-ci il iyulun 11-də Sabirabad şəhərində sənətkar ailəsində anadan olub. 1943-cü ildə Bakı Neft Texnikumuna daxil olmuş, 1947-ci ildə bu texnikumu fərqlənmə diplomu ilə bitirdikdən sonra təhsilini Azərbaycan Sənaye İnstitutunda davam etdirib və eyni zamanda Neftayırma zavodunda operator köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. 1952-ci ildə ali təhsilini neft və qazın emalı üzrə mühəndis-texnoloq ixtisası ilə başa vurduqdan sonra zavodun ən məhsuldar qurğularından birinə rəis təyin edilib.
Əmək fəaliyyəti
- Kamil Akimov, 1962-ci ildə zavodun baş mühəndisini müavini;
- 1963-cü ildə Azərbaycan KP MK, respublika Nazirlər Soveti yanından yeni təşkil olunmuş Partiya Dövlət Nəzarət Komitəsinin neft və kimya sənayesi şöbəsinə rəis müavini;
- 1964-1967-ci illərdə Bakı Neft Emalı Zavodunun direktoru;
- 1967-1970-ci illərdə Azərbaycan SSR Neft Emalı Sənayesi nazirinin birinci müavini;
- 1970-1980-ci illərdə Azərbaycan SSR Neft Emalı Sənayesi naziri vəzifələrində çalışmışdır.
- 1980-ci ildə II çağırışda Ali Sovetin deputatı seçilib.
O, ayrı-ayrı illərdə İraqda və Kubada neft emalı zavodlarının yenidən qurulmasında sovet mühəndislərinin işinə birbaşa rəhbərlik edib, həmin ölkələrin fəxri fərmanları və yüksək mükafatlarına layiq görülüb.
Mükafatları
- "Şərəf Nişanı" ordeni
- "Oktyabr İnqilabı" ordeni
- "Qırmızı Əmək Bayrağı" ordeni
- Azərbaycan respublikası Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilib.
Vəfatı
2019-cu il iyunun 19-da Bakı şəhərində vəfat etmişdir.