Ilqar Isbatov
Quick Facts
Biography
İlqar Aydın oğlu İsbatov — Bakı Dövlət Layihə İnstitutunun direktoru, Azərbaycan Respublikasının əməkdar memarı.
Həyatı
İlqar İsbatov 4 sentyabr 1964-cü ildə anadan olmuşdur. 1987-ci ildə Moskva Memarlıq İnstitutunun şəhərsalma fakültəsini fərqlənmə diplomu ilə bitirib, Bakı Dövlət Layihə İnstitutunun Bakı şəhərinin Baş Planını işləyib hazırlayan emalatxanada işə başlayıb. Fəaliyyəti dövründə 100-dən artıq memarlıq layihəsi hazırlayıb və həyata keçirib. 13 fevral 2008-ci ildə İ.İsbatov Bakı Dövlət Layihə İnstitutuna direktor vəzifəsinə təyin edilib.
Bir çox layihələrin hazırlanmasında bilavasitə iştirak edib. Neftçilər və İstiqlaliyyət küçələrindəki binaların fasadlarının yenidən qurulmasında, Yeni Yasamal, C.Quliyev, H.B.Zərdabi, M.İbrahimov küçələrindəki yaşayış komplekslərinin layihələndirilməsində, FHN Akademiyasının təhsil korpusunun, Qəbələ İcra Hakimiyyətinin inzibati binasının, 132-134, 6 və 18 sayli məktəblərin, Nizami küçəsində ticarət mərkəzinin, yüksək mərtəbəli ofis binasının və s. layihələrin hazırlanmasına rəhbərlik edib və müəllifi olub.
Baki Dövlət Layihə İnstitutu 2009, 2010-cu illərin nəticələrinə görə MDB ölkələri arasında ən yaxşı layihə təşkilatı nominasiyasının qalibi olub, İlqar İsbatov isə 2011-ci ilin nəticələrinə görə ən yaxşı layihə təşkilatı rəhbəri adına layiq gorülüb. 2009, 2010, 2011-ci illərdə ölkədaxili və MDB məkanında keçirilən ilin ən yaxşı layihələri və tikintisi nominasiyaları üzrə müsabiqələrin qalibi və laureatı olub. 2009-cu ildə başlanılan və 2011-ci ildə təhvil verilmiş Bakı şəhərinin mərkəzi hissəsinin müfəssəl planlaşdırma layihəsinin müəlliflərindən biri və layihənin baş memarı olub. Onun rəhbərliyi altında hal-hazırda Böyük Bakının Regional İnkişaf Planının hazırlanmasında Bakı Dövlət Layihə İnstitutu Baş Koordinator kimi iştirak edir.
İlqar İsbatov Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2010-cu il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib
2012-ci ildə Azərbaycan Respublikasının əməkdar memarı fəxri adını alıb.
18 dekabr 2017-ci il tarixli Sərəncamı ilə “Şöhrət ordeni” ilə təltif edilmişdir.