
Quick Facts
Biography
İlqar Xıdır oğlu Bəylərov (31 iyul 1961, Laçın) — azərbaycanlı memar, Azərbaycan Respublikasının əməkdar memarı, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin katibi, "IBA GROUP" memarlıq şirkətinin baş direktoru.
Həyatı və fəaliyyəti
İlqar Xıdır oğlu Bəylərov 31 iyul 1961-ci ildə Laçın şəhərində anadan olmuşdur.
1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri institutunu bitirmişdir. 1983–1988-ci illərdə Bakı Baş Tikinti İdarəsində, sonra SSRİ Elmlər Akademiyasında işləmişdir.
1993–1998-ci illərdə "Asia Plus", 1998–2012-ci illərdə "ATTİLA KM"də direktor vəzifəsində çalışmışdır. Hal-hazırda "İBA GROUP LLC" memarlıq şirkətinin direktorudur.
İlqar Bəylərovun layihələri əsasında Bakıda "Debüt Bank"ın inzibatı binası, "Altes Park", "Altes Plaza", "Sun City" və bir çox başqa çoxmərtəbəli yaşayış evləri, Qazax, Bərdə, Zaqatala, Gəncə, Tovuz, Dəvəçi, Xızı, Daşkəsən, Yevlax, Ağcabədi rayonlarında müalicə-diaqnostika mərkəzləri, o cümlədən xəstəxanalar, sağlamlıq kompleksləri və reabilitasiya mərkəzləri tikilmişdir.
İlqar Bəylərov, 2008-ci ildə "Ustad Memar" sertifikatına, 2012-ci ildə Azərbaycan Respublikasının əməkdar memarı fəxri adına layiq görülmüşdür.
1985-ci ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür.
2007-ci ildən Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin katibidir.
20 dekabr 2017-ci ildə Azərbaycanda memarlığın inkişafında xidmətinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunub.
22 fevral 2017 Beynəlxalq Memarlıq Akademiyasının professorudur.
Ailəsi
- Laçın rayonunun ictimai-siyasi xadimi Xıdır Bəylərovun oğludur.