Heydar Qadirov
Quick Facts
Biography
Heydər Qədirov (tam adı: Heydər Əliheydər oğlu Qədirov) — riyaziyyatçı, iqtisadçı və elmşünas alim, iqtisad üzrə fəlsəfə doktoru.
Həyatı
Heydər Qədirov 22 may 1946-cı ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsini bitirmişdir.
Elmi fəaliyyəti
1970–1978-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi vəzifəsində işləmiş, İnstitutun aspiranturasını bitirmişdir. Eyni zamanda Azərbaycan Neft-kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) ali riyaziyyat və tətbiqi riyaziyyat kafedralarında çalışmışdır. 1978–1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Rəyasət Heyəti aparatında işləmişdir: 1978–1981-ci illərdə elmi katib, 1981–1997-ci illərdə Elmi-təşkilat şöbəsinin rəisi olmuşdur. Eyni zamanda Respublika Elmi Tədqiqatların Koordinasiyası Şurasının elmi katibi (1985–1997-ci illər), EA Rəyasət Heyəti yanında İnnovasiya Mərkəzinin direktoru (1989–1997-ci illər), Azərbaycan SSR Nazirlər Soveti sədrinin məsləhətçisi (1989–1992-ci illər), "Ziya Bünyadov" Elm və Təhsil Fondunun nəzdində yaradılmış "Ziya" Universitetinin rektoru (1996–1998-ci illər) vəzifələrini icra etmişdir. 1997–2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun şöbə müdiri, 1998–2002-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının "Yanacaq-energetika kompleksinin iqtisadiyyatı" kafedrasının professoru, 2000–2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda qrup rəhbəri, 2004–2006-cı illərdə "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin şöbə müdiri vəzifələrində çalışmışdır. 1998-ci ildən Azərbaycan Milli Yaradıcılıq Akademiyasının innovasiyalar üzrə prezident müavini vəzifəsini icra etmişdir. 2007-ci ildən Azərbaycan Milli Aviasiya Akademiyasının "Menecment" kafedrasında işləyir. Qədirov H. Ə. 1990-cı illərdə bir neçə dəfə Azərbaycan Respublikası Milli Məclicində elm və təhsil sahələrinə aid qanunların layihələrinin hazırlanması üzrə ekspert kimi fəaliyyət göstərmişdir. 1996-cı ildə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.