
Quick Facts
Biography
Emil Nəzirov (4 fevral 1969, Viravul, Lənkəran rayonu – 30 noyabr 2021, Xızı rayonu) — Azərbaycan Silahlı Qüvvələri və Sərhəd Qoşunları polkovniki, Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanının Mühəndis Aviasiya işləri üzrə Müavini. Mühəndis Aviasiya şöbəsinin rəisi. Birinci Qarabağ və İkinci Qarabağ müharibəsi iştirakçısı. Qaraheybət aviasiya poliqonunda baş vermiş helikopter qəzası şəhidi.
Həyatı
Emil Nəzirov 1969-cu il fevralın 4-də Lənkəran rayonunun Veravul kəndində anadan olub.
Təhsili
1976–1986-cı illərdə Lənkəran rayonunun Veravul kənd orta məktəbində təhsil alıb. 1987-ci ildə orta məktəbi bitirdikdən sonra, Avqust ayının 1-də öz istəyi ilə Leninqrad vilayətindəki Lomonosov adına hərbi aviasiya mühəndisləri məktəbinə daxil olub və 1990-cı ildə oradan məzun olub.
Ailəsi
Ailəli idi. 3 qız övladı yadigar qaldı.
Hərbi xidməti
1990-cı ildə hərbi təhsilini başa vuran Emil Nəzirov, leytenant rütbəsində göndərişlə Zaqafqaziya hərbi dairəsinin indiki Hacı Zeynalabdin qəsəbəsində yerləşən N saylı hərbi hissəsində təyyarə texniki vəzifəsində xidmətə başlamışdır. 1992-ci ilin əvvəllərindən könüllü olaraq Azərbaycan Milli Ordusu sıralarına yazılmış və Qala qəsəbəsindəki "N" hərbi hissədə Mi-24 helikopterində bort-texnik atıcı qismində xidmətə başlayıb. Birinci Qarabağ müharibəsində iştirak etmiş və Birinci Qarabağ müharibəsi veteranı olmuşdur. Xidməti dövründə Ka-27 tipli helikopterdə bort-texnik kimi sonra isə bort-texnik təlimatçı qismində fəaliyyət göstərib.
1997-ci ildən 2000-ci ilə qədər Qala hərbi şəhərciyindəki hərbi hissədə Mil Mi-8 helikopterinin bort-texnik vəzifəsində xidmət edib. 15 sentyabr 2000-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri sıralarından kapitan rütbəsi ilə ehtiyata buraxılıb. Üç il sonra 23 oktyabr 2003-cü ildə yenidən Azərbaycan Silahlı Qüvvələri sıralarına Dövlət Sərhəd Xidmətinin zabiti kimi geri dönüb və ilk aviasiya dəstəsinin yaradıcılarından olub. Yenidən Mi-8 helikopterində bort-texnik qismində xidmətə başlamış, 2005-ci ildə Mi-8 MTV helikopterində bort-texnik təlimatçı vəzifəsini icra etmişdir. Təlimatçı işlədiyi dövrlərdə bir sıra hərbi kadrların yetişməsində böyük rolu olmuşdur. 2008-ci ildə isə mayor rütbəsində eskadrilya komandirinin müavini vəzifəsində xidmət etmişdir.
2015-ci ilin sentyabr ayının 7-də Polkovnik-leytenant rütbəsinə yüksəlmişdir. 2015-ci il dekabr ayının 9-da nin Aviasiya İdarəsinin uçuş mühəndisliyi şöbəsinin helikopter və mühərriklər üzrə baş zabit-mühəndis vəzifəsinə təyin olunmuşdur.
İkinci Qarabağ müharibəsinin fəal iştirakçısı olmuşdur. Xidməti dövründə müxtəlif medallar və fəxri fərmanlarla təltif olunmuşdur.
2021-ci il iyul ayının 24-də Dövlət Sərhəd Xidmətində yaranan Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanının Mühəndis Aviasiya İşləri üzrə müavini və Mühəndis Aviasiya şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş və avqust ayının 30-da Polkovnik rütbəsinə yüksəlmişdir.
Xidməti dövründə 4 müxtəlif (Mi-24, Ka-27, Mi-8 və Mi-17) modifikasiyalı helikopterlərdə uçuş icazəsinə və müxtəlif sertifikatlara yiyələnmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamına əsasən Emil Nəzirov "Vətən uğrunda" medalı ilə təltif edildi.
Ölümü
30 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır. İlkin məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır. Emil Nəzirov hadisə zamanı şəhid olmuşdur. Onun və şəhid olan 13 zabitlə ertəsi gün Sərhədçi İdman Olimpiya Mərkəzində vida mərasimi keçirilmiş, Emil Nəzirov və onunla birgə 10 zabit II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Xatirəsi
Emil Nəzirovun şəxsi əşyaları ailə üzvləri tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.
Təltifləri
- 27.04.2006 — "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı
- 16.08.2007 — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı
- 18.08.2008 — "Hərbi xidmətdə fərqlənməyə görə" II dərəcəli medalı
- 18.08.2008 — Silahlı Qüvvələrinin 90 illiyi yubiley medalı
- 17.08.2009 — Sərhəd Mühafizəsinin 90 illiyi yubiley medalı
- 17.08.2013 — II dərəcəli "Qüsursuz xidmətə görə" medalı
- 29.12.2013 — Silahlı Qüvvələrinin 95 illiyi yubiley medalı
- 18.08.2014 — "Hərbi xidmətdə fərqlənməyə görə" I dərəcəli medalı
- 03.12.2014 — I dərəcəli "Qüsursuz xidmətə görə" medalı
- 03.12.2014 — Sərhəd Mühafizəsinin 95 illiyi yubiley medalı
- 18.08.2016 — "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı
- 14.08.2019 — Sərhəd Mühafizəsinin 100 illiyi yubiley medalı
- 24.06.2021 — "Vətən uğrunda" medalı