Cahangir Novruzov
Quick Facts
Biography
Cahangir Mütəllib oğlu Novruzov (d. 31 iyul 1954) — Azərbaycan teatr və kino aktyoru, teatr rejissoru, Azərbaycan Respublikasının xalq artisti (2018), Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru.
Həyatı
Novruzov Cahangir Mütəllib oğlu 1954-cü il iyul ayının 31-də Bakı şəhərində doğulub. Atası Novruzov Mütəllib Nəsrulla oğlu 1927-ci ildə doğulmuş və uzun illər Asəf Zeynallı adına Bakı musiqi məktəbində muğam üzrə dərs demişdir.
Cahangir Novruzov 1971-ci ildə orta məktəbi bitirir. Sonra Mirzəağa Əliyev adına incəsənət institutunun rejissorluq fakultəsinə daxil olub və SSRİ xalq artisti Mehdi Məmmədovun rəhbərlik etdiyi sinifdə təhsil alaraq 1976-cı ildə həmin institutu bitirib. Diplom işini Musiqili Komediya teatrının səhnəsində Georgi Xuqayevin "Sevgilimin anası" operettasını hazırlayaraq müdafiə edib. Eyni ildə təyinat alaraq həmin teatrda çalışmağa başlayıb. 1976-1977-ci illərdə əsgəri xidmətdə olub və xidməti bitirdikdən sonra yenə də Musiqili Komediya teatrına dönüb. 1979-cu ildə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə təyin edilib. Bu teatrın səhnəsində həm də aktyor kimi bir çox rollar oynamışdır. 1981-ci ildə isə SSRİ Mədəniyyət Nazirliyinin Mədəniyyət adamlarını təkmilləşdirmə İnstitutunun rəhbər işçilər fakultəsinə qəbul olunub və eyni zamanda da Moskva Malaya Bronnaya teatrında RSFSR-in xalq artisti professor A. Efrosun rəhbərliyi altında staj keçməyə başlayıb. İki il ərzində bir çox əsərlərin quruluşlarında A. Efrosa assistentlik edib. 1983-cü ildə Moskvadakı təhsilini bitirərək Şəki teatrına dönüb. 1984-cü ildə SSRİ xalq artisti professor G. Tovstonoqovun yaradıcı laboratoriyasına qəbul olunub və hər il iki dəfə olmaq üzrə Sankt-Peterburqda 1988-ci ilə qədər çalışmalarda iştirak edib. 1985-ci ildə Şəki teatrına baş rejissor vəzifəsinə təyin olunub. Orada çalışdığı illər ərzində teatrı Kazan, Daşkənd, Səmərqənd, Moskva və Praqa şəhərlərinə qastrol səfərlərinə götürüb. 1986-cı ildə Çexoslovakiyada keçirilən "Çeşskaya Buduyovutsa" gənc teatrlar festivalında jüri heyətinin üzvü kimi iştirak edib. 1987-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təşkil etdiyi Mirzə Fətəli Axundovun 175 illik yubileyinə həsr olunmuş teatr festivalında hazırladığı "Müsyö Jordan və Dərviş Məstəli Şah" əsəriylə birincilik mükafatını qazanıb.1988-ci ildə Parisdə keçirilən "Bovinyi" teatr festivalında fəxri jüri heyətinin üzvü kimi iştirak edib. 1989-cu ildə Mədəniyyət nazirliyi tərəfindən Musiqili Komediya teatrına baş rejissor vəzifəsinə təyin olunub. 1990-cı ildə teatrın əsaslı təmir və yeni inşaata başlaması səbəbiylə Gənc Tamaşaçılar Teatrının rus bölməsinə baş rejissor olaraq təyin olunub. 1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təşkil etdiyi I Mono tamaşalar festivalında Şekspirin "Hamlet" əsərinin motivləri əsasında hazırlanmış "Olum ya Ölüm" tamaşası ilə birincilik mükafatı qazanıb. 1995-ci ildə Türkiyə Cumhuriyyətinə Universitetdə dərs demək üçün dəvət olunub. Hal hazırda Türkiyənin Adana şəhərində Çuxurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır.
Mükafatları
- 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə mədəniyyət və incəsənət sahəsindəki Fәaliyyәtlәrinә görə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.
- 2014-cü ilin aprelində "TÜRKSOY-un 20 illiyi" yubiley medalına layiq görülüb..
- 23 dekabr 2015-ci ildə TÜRKSOY-un "Haldun Taner" mükafatına layiq görülmüşdür.
- Oljas Janaydarmovun "Dans Plus" əsərinin səhnələşdirdiyinə görə 2 dekabr 2016-cı ildə Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyinin "Qazaxıstanın Fəxri Mədəniyyət Xadimi" medalı ilə təltif olunub.
- 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.
Ailəsi
- Aktyor Cahangir Zeynalovun nəvəsidir.
- Aktrisa Nəsibə Zeynalovanın oğludur.
Filmoqrafiya
- Bizim Cəbiş müəllim (film, 1969) - Aktyor: Rəsulov (tammetrajlı bədii film)
- Aktrisanın təbəssümü (film, 1974) - İştirak: Özü (tammetrajlı bədii-sənədli film)
- Qəribə adamlar (film, 1978) - Aktyor: Çilingər (qısametrajlı bədii süjet-Mozalan № 44, 1-ci süjet)
- Qorxma, mən səninləyəm (film, 1981)-Aktyor: Mərdan (Tammetrajlı Bədii Film)
- Dad (film, 1984)-Aktyor: Milis işçisi (Qısametrajlı Bədii Süjet-Mozalan № 89, 2-ci süjet)
- Gedərgəlməz (film, 1984)-Aktyor: Cəllad (Qısametrajlı Bədii Süjet-Mozalan № 86, 1-ci süjet)
- Qoca palıdın nağılı (film, 1984)-Aktyor: Namaz (Tammetrajlı Bədii Film)
- Ordan-burdan (film, 1987)-Aktyor: Salman bəy (Tammetrajlı Televiziya Film-Tamaşası)
- Yaşıl eynəkli adam (film, 1987)-Aktyor: Cahangir (Tammetrajlı Televiziya Film-Tamaşası)
- Bəxt üzüyü (film, 1991)-Aktyor: Milis rəisi (Tammetrajlı Bədii Film)
- Ac həriflər (film, 1993)(tammetrajlı film-tamaşa)(Aztv)- aktyor: dərviş, çarşaflı qadın, qorodovoy
- Bala-başa bəla! (film, 1995)-Aktyor: İzzət Nəfisli (Tammetrajlı Televiziya Film-Tamaşası)
- Həm ziyarət, həm ticarət... (film, 1995)-Aktyor: Sabir (Tammetrajlı Bədii Film)
- Sarı gəlin (film, 1998)-Aktyor: Artavas (Tammetrajlı Bədii Film)
- Yaşıl eynəkli adam-2 (film, 1999)-Aktyor: Cahangir (Tammetrajlı Bədii Televiziya Filmi)
- Yaşıl eynəkli adam-3 (film, 2002)-Aktyor: Cahangir (Tammetrajlı Bədii Televiziya Filmi)
- Dəvətnamə (film, 2003)-Aktyor: Əzizağa (Tammetrajlı Bədii Televiziya Filmi)
- Güllələnmə təxirə salınır!... (film, 2002)-Aktyor: "Gəncəli Adış" (Tammetrajlı Bədii Film)
- Bəylik dərsi (film, 2007) (Tammetrajlı Televiziya Tamaşası)
- Ölüm növbəsi (film, 2009)-aktyor: "Zeynal" (tammetrajlı bədii film)
Mənbə
- Novruzov, C. Bakı xanı Hüseynqulu xanın nəvələrindənik: Cahangir Novruzov: “İnşallah, Yaşar sağalsın, onunla bir tamaşada oynayacağıq”...: [Türkiyədə yaşayan həmyerlimiz, aktyor Cahangir Novruzov ilə söhbət] Ekspress.- 2011.- 26 yanvar.- S. 10.