Bayram Bayramov
Quick Facts
Biography
Bayram Bayramov (Bayram Sabir oğlu Bayramov; d. 1968, Göyçə mahalı – ö. 2014, Rusiya, Tümen vilayəti) — Azərbaycan kəşfiyyatçısı, 123-cü alayın kəşfiyyat bölüyünün komandiri.
Həyatı
Bayram Bayramov 1968-ci ilin yanvarın 1-də Göyçə mahalında (Ermənistanın Krasnoselsk rayonunda) anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, 1985-ci ildə Minsk Politexnik İnstitutun Avtonəqliyyat fakültəsinə daxil olmuşdur.
1986-cı ildə Sovet ordusu sıralarına çağırılmış, 1986-1988-ci illərdə iki illik hərbi xidməti başa vurduqdan sonra, Azərbaycana qayıtmışdır (ailəsi artıq Ermənistandan qovulub, H.Z. Tağıyev qəsəbəsində yerləşdirilmişdir).
Ali təhsilini başa vurmaq üçün Minskə gedən B. Bayramov sonuncu kursda oxuyarkən Xocalı qırğınları başlamış, Bayramov təhsilini yarımçıq qoyaraq Sumqayıta qayıtmış vəbir qrup gənclə müharibəyə könüllü göndərilmələri üçün hərbi komissarlığa müraciət etmişdir.
1993-cü ildə Bayramov Minskdən Azərbaycan Politexnik İnstitutuna keçirilmiş və təhsilini Bakıda qiyabi davam etdirmişdir.
1994-cü il mayın 8-də Azərbaycan - Ermənistan arasında atəşkəs müqaviləsi (Bişkek protokolu) imzalandıqdan sonra, Bayramov Rusiyaya köçmüşdür.2014-cü ilin aprelin 28-də Bayram Bayramov Tümen vilayətinin Noyabrsk şəhərində infarktdan dünyasını dəyişmiş, Sumqayıt qəbirstanlığında dəfn olunmuşdur.
Ailəsi
Ailəli olan Bayram Bayramovun bir övladı var.
Döyüş yolu
Yüksək fiziki göstəricilərinə və savadına görə B. Bayramov kəşfiyyat - diversant hazırlığına göndərilmişdir. Hazırlıq kursu ağır olduğundan onu 300 nəfərdən 78 nəfər bitirə bilmişdir. Kursu bitirənlərin arasından İkinci Ordu Korpusun qərargah rəisi polkovnik İlham Aslanov 7 döyüşçünü, o cümlədən Bayramı korpusun sərəncamına aparmışdır.
- 1992-ci ilin avqustun əvvəlində leytenant Bayram Bayramov 123-cü alayın kəşfiyyat bölüyünün komandiri təyin olunmuşdur. Bayramov öz kəşfiyyat bölüyü ilə Ağdərə-Kəlbəcər yolunun açılması uğrunda döyüşlərdə fəal iştirak etmişdir.
- 1992-ci ilin avqustun 28-də Qızılqaya (Aryutunaqomer) kəndi uğrunda döyüşdə Bayramov kiçik qrupla düşmənə həlledici zərbə endirmişdir.
- 1992-ci ilin avqustun 29-da Verin Orataq kəndi uğrunda gedən döyüşdə 123-cü alayın 1-ci batalyonun komandiri Xosrov Əhmədov ağır yaralanmışdır. Döyüşü idarə edən qərargah rəisi polkovnik-leytenant Nazim Bayramovun əmri ilə Bayram Bayramov və bir neçə kəşfiyyatçı Xosrov Əhmədovu döyüş meydanından çıxartmışdır. Xosrov Əhmədovun həyatını xilas etmək mümkün olmasa da, Bayramov və kəşfiyyatçıları komandir üçün həyatlarını riskə atıb, ağır döyüş tapşırığını yerinə yetirmişdilər.
- 1992-ci ilin oktyabrında "Laçın dəhlizi" əməliyyatı zamanı 123-cü alaya Qozlu-Finfə-Kalafalıq müdafiə xəttini tutmaq əmr olunmuşdur. Strateji yüksəklikləri ələ keçirmədən müdafiə xəttini tutmaq mümkün deyildi. Tapşırığı yerinə yetirən Bayram Bayramov öz bölüyündən 10 nəfər döyüşçü ilə (döyüşdə Ağdərənin Vaquas kəndi yaxınlığında şəhid olmuş, "İgidliyə görə" medalı kavaleri Xəqani Axundov da iştirak etmişdir) düşmən mövqeyinə hücum edərək əsas qüvvələrimizi çağırmışdır.
- 1992-ci ilin noyabrında kəşfiyyat-diversiya reydlərindən birində Bayramovun başçılıq etdiyi qrup Laçının Kalafalıq kəndi yaxınlığında 30 nəfərlik “Artsiv” düşmən dəstəsini tamamilə məhv etmişdir.
- 1993-cü ilin yanvarında baş leytenant Bayram Bayramovu o zamanki Müdafiə Nazirinin sərəncamına keçirtdilər. O, döyüş yolunu orada davam etdirmişdir.