Azer Yusifli
Quick Facts
Biography
Azər Nazim oğlu Yusifli (28 mart 1994, Böyük Kəsik, Ağstafa rayonu – 21 oktyabr 2020, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
Həyatı
Azər Yusifli 1994-cü il martın 28-də Ağstafa rayonunun Böyük Kəsik kəndində anadan olub. Atası — Nazim Yusifov bələdiyyə sədridir. Anası — Yeganə Məmmədova isə ibtidai sinif müəllimidir. Onun ailədə bir qardaşı olmuşdur.
Təhsili
Azər Yusifli 2000-ci ildə Ağstafa rayonunda Böyük Kəsik kənd tam orta məktəbinin birinci sinfinə qəbul olmuşdur. 2011-ci ildə oradan məzun olmuşdur və hərbi xidmətə yollanmışdır.
Ailəsi
Azər Yusifli nişanlı idi.
Hərbi xidməti
Azər Yusifli 2012-ci ilin aprel ayında Ağstafa Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. O, 2012-ci ilin aprel ayından 2013-cü ilin oktyabr ayına qədər Ədliyyə Nazirliyinin Penitensiar xidmətin Mühafizə alayının Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət eləmişdir.
2013-cü ildən isə Sərhəd Qoşunlarının Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuqu idi.
Azər Yusifli Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyevin 4 avqust 2019-cu il tarixli 0229 nömrəli əmrinə əsasən "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı ilə, 4 avqust 2019-cu il tarixli 0240 nömrəli əmrinə əsasən isə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur.
2020-ci ilin İkinci Qarabağ müharibəsi
2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatnalar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur. Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.
Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsinin (ÇHD) baş giziri olan Azər Yusifli əvvəlcə Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır. Azər Yusifli müharibə ərzində Sərhəd Qoşunlarının heyətində Cəbrayıl rayonunun Araz boyu olan yaşayış məntəqələri — Mahmudlu, Soltanlı, Əmirvarlı, Göyərçin Veysəlli, Keyxalı, Maşanlı və Hasanlının azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Ayın 18-də isə Dövlət Sərhəd Xidmətinin apardığı hərbi əməliyyat zamanı Xudafərin Körpüləri işğaldan azad olunmuşdur.
Cəbrayıl rayonunun geniş bir hissəsinin işğaldan azad olunmasından sonra Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Uğurlu əməliyyatlar nəticəsində qısa müddət ərzində Zəngilan rayonunun 16-dan çox yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Oktyabrın 19-dan 20-nə ötən gecə isə Zəngilan şəhəri uğrunda döyüşlər başlamışdır. Gecə saatlarında şəhər işğaldan azad olunmuşdur. Saat 04:00 radələrinə baş gizir Azər Yusifli tərəfindən Zəngilan şəhərinə 27 ildən sonra Azərbaycan bayrağı sancılmışdır.
Azər Yusifli oktyabrın 21-də Zəngilan şəhəri istiqamətində həlak olmuşdur. Oktyabrın 22-də Ağstafa rayonunun Böyük Kəsik kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Yusifliyə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Yusifli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Yusifli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Təltifləri
- (04.08.2019) — "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı
- (04.08.2019) — "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
- (09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı (ölümündən sonra)
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
- (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
İrsi və xatirəsi
2021-ci ildə Ağstafa rayonu Böyük Kəsik kənd tam orta məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin adı verilmişdir.