Aşıq Bahman Göyçali
Quick Facts
Biography
Aşıq Bəhmən Göyçəli (Bəhmən İbrahim oğlu Qarayev; 1901-13.11.1976) — ustad aşıq, şair.
Həyatı
Aşıq Bəhmən Göyçəli 1 may 1901-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kəndində anadan olub. İbtidai təhsilini mollaxanada almış, sonralar savadsızlığı ləğv etmə kurslarında oxumuşdur. Doğma kəndində sovet sədri, kolxozda briqadir, sıravi kolxozçu olmuşdur. Gənclik dövründən el arasında aşıq-şair kimi tanınmış, toy-düyünlərə dəvət olunmuşdur. Gəraylı, qoşma, müxəmməs, qəzəl, divani, dodaqdəyməz, cığalı, təcnis və digər janrlarda yaratdığı şerləri dillər əzbəri olmuşdur. "Kirpi", "Sovet Ermənistanı", "Azərbaycan gəncləri" və s. dövri mətbuat səhifələrində qoşmaları çap edilmişdir. 72 aşıq havası və bir çox dastan yaratsa da zəngin irsi dərindən öyrənilməmişdir. Ədəbiyyat tarixində həm şair, həm də ustad aşıq kimi tanınan Bəhmən Göyçəlinin işıq üzü görən "Vətən, küsmə məndən" kitabında zəngin irsindən yalnız 25 qoşması, 7 gəraylısı, 9 təcnisi, 18 divanisi, 14 müxtəlif şeiri, Aşıq Alının, Xəstə Qasımın, Növrəs İmanın qıfılbəndlərinin açması, 17 deyişməsi, 1 meracnaməsi, "Əfqan və Tufan", "Bəhmən və Humay" dastanları toplanıb çap olunmuşdur.
1976-cı il noyabrın 13-də vəfat etmiş, Nərimanlı kənd qəbiristanlığında dəfn olunmuşdur.
1996-cı ildə Bakıda anadan olmasının 95 illiyi qeyd edilmişdir.
Kitabları
- Vətən, küsmə məndən (şeirlər, təcnislər, gəraylılar, dəyişmələr, dastanlar). tərt. ed. və topl. Q.Bəhmən oğlu. Bakı: Elm, 1994, 130 s.