Asim Quliyev
Quick Facts
Biography
Asim Bəkir oğlu Quliyev (2 mart 1996, Bakı – 12 oktyabr 2020, Hadrut, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Həyatı
Asim Quliyev 1996-cı il martın 2-də Bakı şəhərində anadan olub. 2002–2011-ci illərdə 107 saylı Bakıxanov qəsəbə tam orta məktəbində, 2011–2013-cü illərdə Sumqayıt şəhərində kompüter ixtisası üzrə kollecdə təhsil alıb. Orta məktəbdə oxuyarkən idmana böyük həvəsi böyük olduğundan boksla məşğul olub. Bakı üzrə keçirilən yarışlarda 1-ci, Respublika üzrə keçirilən yarışlarda 2-ci yeri qazanıb. Subay idi. Əslən Cəbrayıl rayonunun Hovuslu kəndindən olub.
Hərbi xidməti
Asim Quliyev 2015–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Xidməti dövründə 2016-cı ilin 2–5 aprelində baş tutan döyüşlərdə savaşıb.
İkinci Qarabağ müharibəsində iştirakı
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Asim Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Asim Quliyev oktyabrın 12-də Hadrutun azad edilməsi zamanı snayper gülləsinə tuş gələrək şəhid olub. Bakıxanov qəsəbəsindəki Şəhidlər məzarlığında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Quliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Təltifləri
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
- (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)