Anar Umudov
Quick Facts
Biography
Anar Azər oğlu Umudov– 2015-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd, hüquqşünas, «Alibi Peşəkar Hüquq və Konsaltinq Xidmətləri» şirkətinin rəhbəri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü.
Həyatı
Anar Azər oğlu Umudov 1983-cü il iyun ayının 9-da Rusiya Federasiyasının Voronej vilayətində anadan olmuşdur.
1999-cu ildə Bakı şəhəri Nərimanov rayonunda yerləşən hazırda “Tərəqqi liseyi” adlanan 66 №-li orta məktəbi bitirmişdir.
2003-2004-cü illərdə hərbi xidmətdə olmuşdur.
Ailəlidir, 4 övladı var.
Təhsili və elmi fəaliyyəti
2003-cü ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr, 2010-cu ildə isə eyni fakültənin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun beynəlxalq münasibətlər və beynəlxalq hüquq şöbəsinin doktoranturasına qəbul olmuşdur.
Hazırda «Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə qəbulunun beynəlxalq-hüquqi aspektləri» mövzusunda dissertasiya işi üzərində işləyir.
Peşə fəaliyyəti
10 illik peşəkar fəaliyyəti dövründə mütəmadi olaraq qanunvericilik normalarının tətbiqi ilə məşğul olan Anar Umudov hüququn müxtəlif sahələrində ixtisaslaşmışdır.
2005 – 2008-ci illərdə “İnterturan service” hüquq müəssisəsində hüquqşünas,Azərbaycan Müəllimlər İnstitutunda baş hüquqşünas, ANS Kommers şirkətində hüquq məsləhətçisi, «Xəzər – Gələcək Naminə Tərəfdaşlıq» İctimai Birliyində icraçı direktor vəzifələrində çalışmışdır.
2008-ci ildə mebel sahəsində Cənubi Qafqaz regionunda lider olan, o cümlədən Qazaxıstan, Gürcüstan, Ukrayna və sair ölkələrdə Azərbaycanı layiqincə təmsil edən «Embawood» şirkətində hüquqşünas kimi fəaliyyətə başlamış, 2011-ci ildə isə həmin şirkətin hüquq departamentinin direktoru vəzifəsinə qədər yüksəlmişdir.
2009-cu ildə ən gənc vəkillərdən biri kimi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunmuşdur. Vəkillik fəaliyyətinə 1 saylı hüquq məsləhətxanasında başlamış Anar Umudov, 2012-ci ildən fərdi vəkil kimi fəaliyyət göstərir.
2010-cu ildən təsisçisi olduğu «Alibi Peşəkar Hüquq və Konsaltinq Xidmətləri» şirkətinin 5 illik uğurlu fəaliyyətinə rəhbərlik edir.
Digər nailiyətləri
Anar Umudov Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən aparılan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən «Doing Business» adlı hesabatların Azərbaycana aid hissəsinin hazırlanmasında fəal iştirak etdiyinə görə Dünya Bankı tərəfindən təşəkkürə layiq görülmüş, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankı, Qaradəniz Ticarət və İnkişaf Bankı kimi beynəlxalq maliyyə qurumlarının Azərbaycanda həyata keçirdikləri irihəcimli kreditləşmə layihələrinin hüquqi müşayətində iştirak etmişdir.
Bundan başqa o, Fransa, Rusiya və Estoniya kimi ölkələrdə keçirilən müxtəlif beynəlxalq konfrans və seminarların işitirakçısı olmuşdur.
Anar Umudov həmçinin bir sıra təlim və seminarlarda mühazirəçi qismində çıxış etmişdir.
Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilir.