Alasgar Tagiyev
Quick Facts
Biography
Ələsgər Tağıyev (azərb. Tağıyev Ələsgər Soltan oğlu, rus. Тагиев, Алескер Солтанович; d. 1958-ci il, 1 iyul, Bakı ş., Azərbaycan SSR, SSRİ) - Hüquq elmləri doktoru. Beynəlxalq Hüquqşünaslar İttifaqı sədrinin birinci müavini.
Həyatı
Tağıyev Ələsgər Soltan oğlu 1958-ci il iyulun 1-də Bakıda həkim ailəsində anadan olub. 1975-ci ildə Bakıda 134 saylı rus orta məktəbini, 1980-ci ildə “hüquqşünaslıq” ixtisası üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirdikdən sonra Ə.Tağıyev təyinatla Azərbaycan Respublikasının ədliyyə orqanlarında işə göndərilib. 1980-1987-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi aparatında Məhkəmə Orqanları İdarəsində baş məsləhətçi, şöbə müdirinin müavini, şöbə müdiri işləyib.
1987-ci ildə Sov.İKP MK-nın qərarı ilə Azərbaycan Respublikasının ədliyyə və məhkəmə orqanlarında rəhbər kadrların hazırlanması ilə bağlı Ə.Tağıyev SSRİ Ədliyyə Nazirliyinin mərkəzi aparatına işləməyə göndərilib. 1987-1991-ci illərdə SSRİ Ədliyyə Nazirliyinin mərkəzi aparatında hüquqi təbliğat şöbəsi rəisinin müavini, sonra SSRİ Ədliyyə Nazirliyinin İctimai Təşkilatların işləri üzrə İdarəsi rəisinin müavini vəzifəsində çalışıb. 1992-ci ildən bu günə qədər Ə.Tağıyev Beynəlxalq Hüquqşünaslar İttifaqında (SSRİ Hüquqşünaslar İttifaqının hüquqi varisi) çalışır. Əvvəlcə sədrin müşaviri olub, sonra - 1998-ci ildən Beynəlxalq Hüquqşünaslar İttifaqı sədrinin müavini seçilib.
2009-cu ildən Ə.Tağıyev Beynəlxalq Hüquqşünaslar İttifaqı sədrinin birinci müavinidir. Bu ittifaq postsovet məkanında və uzaq xaricin bir çox ölkələrində hüquqşünasların ictimai təşkilatlarını birləşdirir. Beynəlxalq Hüquqşünaslar İttifaqında çalışdığı dövrdə Ə.Tağıyev fəal hüquqi təcrübəni müəllimlik və elmi tədqiqat fəaliyyəti ilə birləşdirib. Bundan başqa, dövlət orqanları və məhkəmələrdə əqli mülkiyyət, əmtəə nişanı, əmlak və qeyri-əmlak məsələləri ilə bağlı mübahisələrdə xarici şirkətlərin – Almaniyanın “Bayer AG”, kommersiya banklarının (“Vneşekonombank”, “Evrofinans-MosnarBank”), neft və qaz şirkətlərinin (“LUKoyl”, “İtera”, “Rospan International”) və s. maraqlarını təmsil edib.
1991-ci ildə Ə.Tağıyev “dövlət və hüquq nəzəriyyəsi” ixtisası üzrə hüquqi dövlətin formalaşması şəraitində hüquqi təlimin sosial funksiyalarına həsr olunan namizədlik dissertasiyası müdafiə edib (SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutu). 2001-ci ilin noyabrında o, Rusiya Federasiyası Prezidenti yanında Dövlət Qulluğu Akademiyasında doktoranturanı bitirdikdən sonra “İqtisadi münasibətlər sahəsində qanunilik: nəzəri-hüquqi təhlil” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Ə.Tağıyev dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq, mülki-prosessual, arbitrajprosessual və hüququn digər sahələrində elmi-tədqiqat fəaliyyəti ilə məşğul olub.
Onun ən mühüm elmi əsərindən biri Rusiya Federasiyasının iqtisadiyyat sahəsində qanunilik probleminə həsr olunub. Bu əsərdə hazırkı mərhələdə Rusiya Federasiyasında iqtisadiyyat sahəsində qanuniliyin və hüquqpozmaların vəziyyəti müfəssəl təhlil edilib, ölkədə qüvvədə olan qanunvericiliyin təkmilləşdirilməsinin, iqtisadi münasibətlərin hüquqi tənzimlənməsinin, qanuniliyin və hüquq qaydasının təmin edilməsinin əsas istiqamətləri müəyyən edilib. Ə.Tağıyevin “Sahibkarların məhkəmə müdafiəsi” kitabında mülki-hüquqi münasibət iştirakçılarının qanuni maraqlarının məhkəmədə effektiv müdafiəsinin təmininə, Rusiya Federasiyası arbitraj-prosessual qanunvericiliyin və arbitraj məhkəmələri sisteminin təkmilləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Müəllifin əsərlərində irəli sürdüyü bir çox ideya və təkliflər sonrakı mülki, arbitraj-prosessual qanunvericilik, arbitraj məhkəmə icraatı qanunvericiliyində öz əksini tapıb. Ümumilikdə Ə.Tağıyev 30-dan çox elmi əsər və 2 monoqrafiyanın müəllifidir. O, Dünya Hüquqşünaslar Assosiasiyasının I dərəcəli ədliyyə ordeni, “Moskvanın 850 illiyinə xatirə” medalı, Rusiya Federasiyası Federal Vəkillər Palatasının “Vətəndaşların hüquq və azadlıqlarının qorunmasında xidmətlərinə görə” medalı və digər mükafatlarla təltif edilib. 2011-ci ildə Azərbaycan Prezidentinin Fərmanı ilə Ə.Tağıyevə “Azərbaycan Respublikasının Əməkdar Hüquqşünası” fəxri adı verilib. Uzun illər boyu və bu gün də Ə.Tağıyev Rusiya Prezidenti yanında Dövlət Qulluğu Akademiyasının dissertasiya şurasının üzvüdür. Ə.Tağıyev yarandığı vaxtdan bu günədək Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidentidir.
Xarici keçidlər
- Rusiya Federasiyasında Azərbaycan diasporunun nümayəndələrinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- Международный союз юристов
- Юрист на две страны
İstinadlar
- ↑ Rusiya Federasiyasında Azərbaycan diasporunun nümayəndələrinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- ↑ Tağıyev, Ələsgər. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. . .