Aghamir Guliyev
Quick Facts
Biography
Quliyev Ağamir Ağası oğlı – mətnşünas və şərqşünas alim, tarix elmləri doktoru.
Həyatı
1926-cı ildə Lerik rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars şöbəsini bitirib. 1958–1980-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun "Mətnşünaslıq və mənbələri nəşretmə" şöbəsində, 1983–1993-cü illərdə isə Coğrafiya İnstitutunun "Coğrafi fikir tarixi" şöbəsində işləyib.
1966–1969-cu illərdə Əfqanistan, 1980–1983-cü illərdə İranda fəaliyyət göstərib. 1974-cü ildə namizədlik (Azərbaycanda), 1990-cı ildə doktorluq dissertasiyası (Gürcüstanda) müdafiə edib. Ömrünün 35 ilini elmi axtarışlara, tərcümə işinə və kadr hazırlığına həsr edən Ağamir Quliyev olduqca gərəkli və samballı tədqiqat işlərinin müəllifidir. Onun ötən əsrin 70-ci illərində apardığı bir araşdırma elm aləmində böyük əks-səda doğurmuş, yerli və xarici mətbuatda azərbaycanlı alimin böyük uğuru kimi qiymətləndirilmişdi. Söhbət böyük azərbaycanlı səyyah, etnoqraf, coğrafiyaşünas və ədib Hacı Zeynalabdin Şirvaninin məşhur "Riyazüs-səyahət" əsərinin o zamana qədər elmə məlum olmayan 2-ci cildinin tapılib üzə çıxarılmasından gedir. Təxminən 150 illik bir dövr ərzində bu istiqamətdə axtarış aparan və heç bir nəticə əldə edə bilməyən Qərb və Şərq alimləri, xüsusilə rus şərqşünasları və İran tədqiqatçıları bu əsərin itib-batması, yandırılması və ya ümumiyyətlə, mövcud olmaması barədə fərziyyələr irəli sürmüşdülər. İllərlə davam edən inadlı axtarışlar və ciddi araşdırmalardan sonra Ağamir Quliyev "Riyazüs-səyahət"in 2-ci cildinin Britaniya muzeyində olduğunu müəyyənləşdirilmiş, üç böyük kitabdan ibarət olan, Asiya və Afrika ölkələri xalqlarının tarixi, mədəniyyəti, adət-ənənələri və həyat tərzi haqqında zəngin bilgilər verən bu ensiklopedik əsəri dərindən tədqiq etmiş, ona geniş müqəddimə və qeydlər yazaraq çapa hazırlamışdı. 1974-cü ildə kitab Moskvanın "Nauka" nəşriyyatında nəfis şəkildə çap olunmuş, həmin vaxt "Moskovskiy kanal" televiziya kanalında alimlə müsahibə verilmişdi. İran mətbuatı isə Ağamir Quliyevin böyük elmi uğurunu təqdir etməklə yanaşı, İran alimlərinin 150 ilə görə bilmədiyi işi azərbaycanlı alimin bir neçə ilə gördüyünü yazmışdı.
Ağamir Quliyevin elmi ictimattətdə böyük maraq doğuran daha bir araşdırması Hacı Zeynalabdin Şirvaninin qardaşı, ömrünün 26 ilini səyahətlərdə keşirən görkəmli səyyah, tarixçi və şair Hacı Məhəmmədəli Şirvaninin "Həqiqətül-həqayiq" əsəri haqqındadır. Şərq xalqlarının həyat və məişət tərzini öyrənmək baxımından qiymətli məxəz olan irihəcmli, mürəkkəb quruluşlu bu əsəri alim Əfqanıstanda işləyən zaman şəxsi kitabxanaların birində taparaq üzünü köçürmüş, elmi-tənqidi mətnini hazırlamıç və 1981-ci ildə Moskvada "Nauka" nəşriyyatında çap etdirmişdi.
Ağamir Quliyev 1993-cü ildə Bakıda vəfat edib.