Biography
Lists
Also Viewed
Quick Facts
is | Actor | |
Work field | Film, TV, Stage & Radio | |
Gender |
| |
Birth | 5 December 1924 | |
Age | 100 years |
Biography
Şamil Fəraməz oğlu Mahmudbəyov — Azərbaycan kinorejissoru, aktyor, filmlərin bədii rəhbəri, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1976) Azərb.SSR Dövlət Mükafatı laureatı (1969).
Həyatı
İtkilərimizin çoxluğundanmı, nədəndi, ölümlə tez isinişir, içimizdə onun apardığı Adamın boş yeri uzun müddət sönmüş ocaq yeri kimi qaralır. Yeri gələndə işıqlı-qüssəli xatirələr danışırıq, haqqında sağ vaxtı tamarzı olduğu xoş sözlər deyirik, qədrini bilmədiyimizi dilimizə gətiririk və...sonra da onu hansı zamanacansa unuduruq. Görünür, Ölümə öyrəncəli olması insanı həyatla barışmağa vadar eləyir...
Şamil Mahmudbəyov həyatla barışmış adamıydı, ömrünün ən yaxşı çağlarında, istedadı, imkanı müqabilində arzuladıqlarını gerçəkləşdirə bilməyən sənətçi, sağlığında az qala hamı tərəfindən unudulan insanıydı. Özünü gözə soxmağı sevməzdi, yüksək kürsüləri, televiziya ekranlarını sevməzdi, gördüyü işləri dilinə gətirməyi belə özünə ar bilərdi; hətta o qədər təmənnasızıydı ki, 73 yaşın içində dünyadan dördəlli yapışıb durmağı ayıb sayırdı. Bəlkə elə bu səbəbdən də, haqqın ilk əmrinəcə sakitcə boyun əydi...
Şamil Fərəməzoğlu Mahmudbəyov 1924-cü il dekadrın 5-də doğulmuşdu. Şamil məktəbi bitirən il müharibə qapını döydü. Hələ yaşı çatmadığından 16 yaşlı oğlan dəmir yol texnikumuna gedəsi, arxa cəbhənin sayagəlməz mərhumiyyətləriylə üzləşəli oldu, üstəlik, təhsilini tamamlamaq fikrindən də əl çəkmədi. Məktəbi bitirən il zor-güc könüllülər sırasına yazılan Şamil Mahmudbəyov Qroznıda hərbi-texniki məktəbi qurtardı. Birinci Ukrayna Cəbhəsində döyüşən hissənin tərkibində vuruşdu.
Haralardan keçmişdi onun döyüş yolu, ölümün gözünün içinə neçə dəfə baxmışdı, bu haqda danışmağı xoşlamazdı:
Vuruşmuşuq da, – deyirdi, – hamı necə, mən də elə. Amma bu deyimin özündən, üz-gözünün ifadəsindən dalda-bucaqda gizlənmədiyi aşkar olardı. 1945-ci ildə yaralanan, sağalıb yenə hissəyə qayıdan Şamil Mahmudbəyov dinc həyata üç il sonra – 1948-ci ildə döndü...
...Və iş yeri kimi qapısını açdığı ilk və son idarə – Bakı kinostudiyası (sonralar C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası) oldu. Ona kinematoqrafı anladan Adamın arzusunu, özünün ekrana sevgisini müharibənin od-alovu içindən keçirib gətirmiş, cavan yaşında həyatın hər üzünü görmüş oğlan onda hələ uzun. Əzablı yaradıcılıq yolunun başlanğıcında olduğunu bilmirdi. Studiyada işlədiyi bir il ərzində rejissor assistenti ekran adlı sirli aləmin gizlinlərinə yetməyə can atdı; həyata, çətinliklərə bələdliyi, dözümü qolundan tuturdu, dadına çatırdı. Elə bunun sonucuydu ki, sonrakı il onu Moskvaya – Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində oxumağa göndərdilər. Sovet kinosunun Sergey Gerasimov, Lev Kuleşov kimi korifeylərindən sənət dərsi alan Şamil Mahmudbəyov ilk kursdaca kinoda təsadüfi adam olmadığını isbata yetirmişdi, ekrana ciddi münasibəti, özümlü düşüncə tərziylə diqqəti çəkmişdi. O, Bakı kinostudiyasına qayıdanda artıq "beskartinye" adlandırılan Zaman kəsiyi arxada qalmışdı, bir-birinin ardınca bədii və sənədli filmlər istehsalata buraxılırdı; Moskvada peşəkar təhsil almış Şamil Mahmudbəyov özünü irəli verib çoxlarından qabağa keçə bilərdi. Amma belə şey onun təbiətinə yadıydı. Böyük-kiçik yeri gözləməkdən özgə ağlına bir şey gəlmirdi: hələ irəlidə yaş və təcrübə sarıdan böyüklər – Hüseyn Seyidzadə, Əjdər İbrahimov, Tofiq Tağızadə, Lətif Səfərov vardılar – hamısı da Moskvanı bitirmişdilər. Az qala on il arzuladığı məqamı gözlədi: düzdü, bu illərdə boş oturmamışdı, "Görüş" (1955), "Qara daşlar" (1956) filmlərində ikinci rejissor işləmişdi, özünü sınamaq xətrinə poçtla kitab göndərilməsi, zavodda əməyin təhlükəsizliyi, Azərbaycan uzunömürlüləri, Naxçıvanda sosializm quruculuğu(haqqında sənədli lentlər çəkmişdi. Bu səpgili filmlərin çoxsunu sonralar yaradıcılıq bioqrafiyasından silib atmışdı, heç adlarını da xatırlamırdı. Elə quruluş verdiyi ilk bədii lenti də həmin illərə aiddi: "Sol gediş" adlı bu qısametrajlı televiziya filmi çətin ki, indi kiminsə yadında qalmış ola...
Mükafatları
- Azərbaycan SSR əməkdar incəsənət xadimi — 23.12.1976
Filmoqrafiya
- Ağstafa Şərabçıları (film, 1992)
- Azərbaycan kinosu-80 (film, 1996)
- Bayquş gələndə... (film, 1978)
- Dərviş Parisi partladır (film, 1976)
- Dörd bazar günü (film, 1975)
- Əyri yolla qazanc (film, 1960)
- Fəryad (film, 1993)
- "Fransız" (film, 1995)
- Həyat bizi sınayır (film, 1972)
- "Kitab-poçtla"nın xidmətlərindən istifadə edin (film, 1956)
- Qara daşlar (film, 1956)
- Qaraca qız (film, 1966)(film, kinoalmanax)
- Qatır Məmməd (film, 1974)
- Qoca əsgər (film, 1993)
- Leytenant Şmidt adına zavodda əməyin təhlükəsizliyi (film, 1961)
- Naxçıvan MSSR (film, 1959)
- Od içində (film, 1978)
- Onun 150 yaşı var (film, 1958)
- Romeo mənim qonşumdur (film, 1963)
- Skripkanın sərgüzəşti (film, 1972)
- Şərikli çörək (film, 1969)
- Tənha narın nağılı (film, 1984)
- Torpaq. Dəniz. Od. Səma (film, 1967)
- Yenilməz batalyon (film, 1965)
İstinadlar
Mənbə
- Azad, Ə. “Kinostudiyada bir gün” [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 257.
- Mükərrəmoğlu, M. “Bir ömrün yadigarları” [Dekabrın 5-i xalq artisti, kinorejissor Şamil Mahmudbəyovun doğum günü idi] //Xalq.- 2002.- 7 dekabr.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.