Mixail Daniloviç Popkov (d. 1924) — sovet hərbi xadimi, General-polkovnik (1979). 1943-cü ildən Ümumittifaq Kommunist (bolşevik) Partiyasının üzvü; Sovet İttifaqının Kommunist Partiyasının MK-nin üzvlüyünə namizəd (1981-1990). Naxçıvan MSSR-dən SSRİ Ali sovetinin Millətlər sovetinin 11-ci çağırışdan deputatı (1984—1989).
Həyatı
- 1924-cü il 11 noyabrda Kaluqa vilayətinin Yuxnovski rayonunun Astapova-Sloboda kəndində anadan olub. Milliyətcə rusdur.
- 1943-cü ildə Xarkov hərbi-siyasi məktəbini, 1950-ci ildə V.İ.Lenin adına hərbi-siyasi akademiyanı, 1966-cı ildə isə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının hərbi akademiyasını bitirib.
- 1942-ci ilin martından Qırmızı Ordu sıralarında Böyük Vətən Müharibəsinin iştirakçısı olur. 185-ci ehtiyat atıcı alayda hərbi xidmətə başlamış daha sonra ön cəbhədə 766-cı atıcı alayın, Qərb cəbhəsinin 217-ci atıcı diviziyasının 49-cu ordusunun tərkibində xidmətə cəlb olunub.
- 1942-ci ilin avqustundan Qretnya rayonunda alman qoşunlarının qarşısının alınmasında iştirak edir.
- 1942-ci ilin noyabrından Popkov həmin vaxt Daşkənddə yerləşən Xarkov hərbi-siyasi məktəbində təhsil almağa göndərilir.
- 1943-cü ilin aprelindən Qırmızı Orduda partiya-siyasi işlərinə cəlb olunur. Belqradda Çöl cəbhəsinin 28-ci qvardiya atıcı diviziyası tərkibində leytanant rütbəsi ilə döyüşür.
- 2-ci Belarus cəbhəsinin 33-cü ordusu tərkibində Belarusun azad edilməsində iştirak edib.
- 1980-1989-cu illərdə Quru qoşunlarının siyasi şöbəsinin rəisi - Hərbi Şuranın üzvü olub.
- 1989-cu ildən təqaüdə çıxıb.
- Silahlı Qüvvələrin ehtiyatda olan zabitləri Milli Assossasiya birliyinin redaksiya-nəşriyyat qrupuna rəhbərlik edir.
- "Zabit qardaşlığı" fondunun İdarə Heyətinin sədridir.
Ailəsi
Atası - Daniil Filippoviç də Böyük Vətən Müharibəsinin iştirakçısı olub. 1941-ci ilin iyulun sonunda Yelneydə gedən döyüşdə ağır yara alır, 1943-cü ilin yazında isə Volxovski cəbhəsində Mqa stansiyasında gedən döyüşlərdə həlak olur.
Mükafatları
Doqquz ordenlə təltif olunub: Lenin ordeni, Oktyabr inqilabı, iki dəfə “Qırmızı Döyüş Bayrağı”, iki dəfə Vətən Müharibəsi, 2 dəfə Qırmızı Ulduz ordenləri, 35 medalla, o cümlədən də "Şücaətə görə" medalı" (1943) ilə təltif olunub. Kaluqa vilayətinin Yuxnov şəhərinin fəxri vətəndaşıdır.