Biography
Bibliography (1)
Lists
Also Viewed
Quick Facts
Intro | Turkish politician | |
Places | Ottoman Empire Turkey | |
was | Politician | |
Work field | Politics | |
Gender |
| |
Birth | 1 January 1889, Pasinler, Erzurum Province, Turkey | |
Death | 2 January 1975 (aged 86 years) | |
Star sign | Capricorn | |
Politics: | Republican People's Party |
Biography
Hüsaməddin Tuğac (1889 - 1975)—ictimai xadim.
Həyatı
Hüsaməddin Tuğac 1889-cu ildə Türkiyədə, Ərzurumun Həsənqala rayonunda hərbçi yüzbaşı Hacı Əhmədin ailəsində dünyaya göz açıb. Hüsaməddin 1910-cu ildə Hərbi Məktəbi bitirdikdən sonra Bağdad və Şamda (Dəməşqdə) xidmət edib. 1912-1913-cü illərdə Balkan savaşına qatılıb. Birinci Dünya müharibəsində isə Sarıqamışda vuruşub... 1917-ci ildə Gəncəyə gəlməsinə Sarıqamış döyüşləri səbəb olub. Belə ki, 1915-ci il yanvar ayının ilk günlərində, Qafqaz cəbhəsindəki döyüşlərdə 9-cu Kolordunun zabiti Hüsaməddin Tuğac tabeliyində olan bir neçə əsgərlə birlikdə çovğunlu havada azaraq mühasirəyə düşür və ruslar tərəfindən əsir götürülür. Yüksək rütbəli zabit olduğundan, həm də türk ordusu komandanı Ənvər paşaya çox oxşarlığı səbəbindən onu Rus Qafqaz Cəbhəsi komandanı general Yudeniçin qərargahına gətirirlər.
“Bir nəslin dramı” avtobioqrafik kitabında həmin günü polkovnik Hüsaməddin Tuğac belə xatırlayır: “Sorğulardan sonra məni bir yemək stoluna da götürdülər. Ordu komandanı general Yudeniç və başqa yüksək rütbəli zabitlər yemək yeyirdilər. Məni də bu zəngin süfrəyə aldılar. 1915-ci ilin Yeni il süfrəsi imiş. Süfrədə mənə bir qədəh vodka da ikram etdilər. İçmədim. İsrar etmədilər. Səhərisi gün bizi stansiyaya götürdülər. Rusiyanın içərilərinə gedəcəyiz...” Beləcə, Hüsaməddin Tuğacı digər türk zabit və əsgərləri ilə birgə Rusiyanın ucqarlarına sürgün edirlər. Batumidən tərpənən qatar Tiflis, Qazax, Dəllər, Gəncə, Bakı... Petrovskdan keçir. Hüsaməddini ruslar Türkiyə ordusunun məşhur komandanı Ənvər paşa bilib ona xüsusi kupe ayırırlar. Bu, Petrovska çatanda məlum olur.
Hüsaməddin Tuğac xatirələrində yazır: “Petrovskda dayanarkən pəncərəyə yaxınlaşdım. Aşağıda bir topa adamın mənin vaqonumu göstərib bir-birinə nələrisə dediklərini hiss edirdim. Görkəmindən erməni olduğu bilinən birisi isə əlini boğazına çəkib mənə axırımın çatdığını anlatmaq istəyir, sonra da əllərini göyə qaldırıb sanki şükür edirdi”.
Qatar Samaraya yaxınlaşarkən Hüsaməddin tif - qarın yatalağı xəstəliyinə tutulur və təcili olaraq bu şəhərdəki hospitala yerləşdirilir. Uzun müalicədən sonra sağlamlığı bərpa olunur, sürgün yolları davam etdirilir. Nəhayət, Çelyabinsk və Tomskdan sonra İrkutskda Hüsaməddini qatardan düşürüb sürgün düşərgəsindəki lazımi ünvana çatdırırlar. Buradakı qərib və məşəqqətli sürgün həyatı nə qədər ağır olsa da, türk zabitinin vətənə dönüb, mübarizəyə təkrar qatılmaq eşqi hər şeyə üstün gəlir.
Bir neçə aydan sonra Hüsaməddin iki dustaq yoldaşı ilə düşərgədən qaçsa da, uzaq gedə bilmirlər. Yolda tutulub yenidən öz düşərgələrinə qaytarılırlar. Barələrində elə bir ciddi ölçü də götürülmür. Çünki o vaxtın düşmənləri bir-birinə qarşı mərd davranırdılar. Hüsaməddin Tuğac xatirələrində sürgün yoldaşları ilə ruslardan icazə alıb qəzet nəşr etdiklərini, hətta “Baykal türklərinin tarixinə dair” məqalələr üzərində işlədiyini qeyd edir. O, türk dili ilə yanaşı, fransız, ingilis, fars və alman dillərini də yaxşı bilirdi. Sürgündə olduğu müddətdə rus dilini də əməlli-başlı öyrənmişdi.
Sibir sürgünü iki il yarım çəkir. 1917-ci ildə Rusiyada baş qaldıran hərc-mərclik, ordudakı özbaşınalıq, yerlərdə idarəetmənin nəzarətdən çıxması sürgündəkilərə cəhənnəm əzabından qaçıb-qurtarmağa şərait yaradır. Hüsaməddinin də təkrar qaçışı uğurlu alınır. Qırğız Xalq Komitəsinin köməyi sayəsində sənəd düzəltməyə müvəffəq olur. Daşkəndə, Krasnovodska, oradan da Bakıya gəlir. Bakıda Məhəmməd Əmin Rəsulzadə və Əlimərdan bəy Topçubaşovla görüşür və Gəncəyə gedir. Təsadüf elə gətirir ki, Gəncədə qaldığı mehmanxananın sahibi sürgünə aparılarkən qatar Dəllər stansiyasında bir neçə saniyəlik dayanarkən ötəri söhbət etdiyi, Gəncənin tanınmış simalarından olan Sarı Ələkbər İmamqulu oğlu imiş. O vaxt Hüsaməddin Sarı Ələkbərə atasının Gəncə vilayətinin Şəmkir elinin Qaracaəmirli kəndindən olduğunu demişdi... Belə yerdə deyərlər ki, dağ dağa rast gəlməsə də, insan insana rast gələr. Hüsaməddin Tuğacın Gəncəyə gəlişi mücadilə liderləri üçün göydəndüşmə idi. O, Sarı Ələkbərin vasitəsilə dərhal Gəncə Milli Komitəsinin rəisi Nəsib bəy Yusifbəyli ilə görüşür və komitənin icra heyətində yer alır. Beləliklə, Hüsaməddin Tuğac Gəncə istiqlalçıları Aslan bəy Səfikürdskil əkskəşfiyyata rəhbərlik edən Məhəmməd bəy Şeyxzamanlı, onun qardaşı Nağı bəy Şeyxzamanlı, şair Əhməd Cavad və başqaları ilə yaxından əməkdaşlıq və dostluq əlaqələri yaradır. H.Tuğac xatirələrində yazır: “Tanış olduğum gənclər arasında şair Cavad Axundzadə (Əhməd Cavad) gözəl və duyğulu şeirləri, içindən daşıb-tökülən milliyyətçi varlığıyla məni özünə bağladı”. Milli komitədə Sarı Ələkbər və Nağı bəy Şeyxzamanlının rəhbərliyi altında iki silahlı dəstə mövcud idi. Erməni silahlı quldur birləşmələrinin və şimaldan gözlənilən təhlükənin qarşısını almaq üçün könüllü ordu bölüklərinin yaradılması zərurət idi. Bu işə könüllüləri cəlb etməklə yanaşı, onlara hərb sənətinin qayda-qanunlarının öyrədilməsinə, silahla davranışların aşılanmasına, eləcə də yeni silahların əldə olunmasına böyük ehtiyac yaranmışdı. Komitədəki məsləhət-məşvərətdən sonra Hüsaməddin bəy gənc əsgərlərə təlim keçmək üçün Sarıqamış döyüşlərində əsir düşmüş və onunla birlikdə Bakıyadək gətirilib Nargin adasında sürgündə saxlanılan üç nəfər peşəkar hərbçinin oradan qaçırılıb Gəncəyə gətirilməsinə nail olur. Bundan əlavə, Sarı Ələkbərin vasitəsilə İrandan mütəxəssis kimi topçu teğmeni (leytenantı) Müzəffər (ordu generalı Müzəffər Tuğsavul) ilə teğmen Midhət Gəncəyə dəvət olunurlar. Milli komitənin qərarı ilə ordu quruculuğuna rəhbərlik Hüsaməddin Tuğaca tapşırılır. Gənclərin hərbi vərdişlərə yiyələnməsi üçün qısa vaxtda Gəncənin bir neçə yerində, o cümlədən Uğurlubəy karvansarasının həyətində təlim meydançaları yaradılır. Bundan əlavə, Gəncənin yaxınlığında, Zazalı stansiyasının alt hissəsində Qaracaəmirlidən, Samuxdan, Qədlidən, Alabaşlıdan, Balçılıdan, Seyfəlidən, Şiştəpədən, Dəllərdən, hətta Gədəbəydən əli silah tutan, adlı-sanlı cavanlar könüllü bölüklər halında təşkilatlanaraq təlim keçirdilər. Yeni yaradılmış ordu hissələrinin ilk döyüş sınağı 1918-ci ildə Türkiyənin şərq cəbhəsindən geri dönən çar ordusu əsgərlərinin tərksilah edilməsində öz nəticəsini verdi. Başqa sözlə, çar ordusunun cəbbəxanasına sahib çıxmaq istəyən və 19 eşelon silah-sursatı Gəncədə, eləcə də Çardaxlıda ermənilərə paylayıb qərb bölgəsi əhalisinin kütləvi məhvinə şərait yaratmaq istəyən Cənubu Qafqazın fövqəladə komissarı, “Daşnaksütyun”un lideri Şaumyanın əlindən çıxarmağı Şəmkir stansiyasında iyirmi günün ərzində gerçəkləşdirdilər. Qarət olunan silahlar hesabına Gəncə Milli Komitəsinin cəbbəxanası xeyli gücləndirildi. Artıq silah da var idi, bu silahlardan istifadə etməyi bacaran hərbçilər də. Daha güclü, müxtəlif istiqamətli hərbi bölük və hissələr yaratmağın təməl daşları beləcə qoyuldu. Şaumyan Şəmkirdə uğursuzluğa məruz qalandan sonra Bakıda qırğın çoxalmağa başladı. Hüsaməddin Tuğac xatirələrində yazır: “Bir axşam Nəsib bəy məni xüsusi toplantıya çağırdı. Gəncə və Bakının, bütün Azərbaycanın xilası naminə türk ordusu üçün arkadaşım Nağı bəy Şeyxzamanlı ilə birgə türk hökuməti və Ənvər paşanın yanına bizim bir təmsilçi olaraq göndərilməyimizi uyğun bilmişdilər”. Hüsaməddin Tuğac Azərbaycanın işıqlı gələcəyi naminə komitə rəhbərliyinin bu təklifinə də canla-başla razılıq verir. Axı hamı bilirdi ki, Hüsaməddin Tuğacın özü bir yana, atası Əhməd paşa Türkiyə ordusunun tanınmış simalarındandır. Hüsaməddin Tuğac və Nağı bəy Şeyxzamanlı 1918-ci ilin fevralında Şuşəhrdə Türk 3-cü Qafqaz Ordusu komandanı Vəhib paşanın qərargahına gəlirlər. Xəbər dərhal Ənvər paşaya çatdırılır. Ənvər paşa heyəti İstanbula görüşə dəvət edir. Türk dünyasına xidmətləri müqabilində Hüsaməddin Tuğaca yüzbaşı rütbəsi verilir, Ənvər paşa ordu qurmaq və xalqımızı erməni-daşnak qırğınından xilas etmək üçün Nuru paşanın komandanlığı ilə Gəncəyə ordu göndərilməsinə qərar verir. 1918-ci ilin iyun ayında Nuru paşanın komandanlığı ilə Azərbaycan ərazisinə daxil olan Qafqaz İslam Ordusu xalqımız və dövlətimizin xilası üçün çox iş görür. Türkiyəyə qayıtdıqdan sonra Hüsaməddin Tuğac Türk Ordusunda yenidən xidməti davam etdirir. 1919-cu ildə İstanbul Hərb Akademiyasını bitirir. 1921-1924-cü illərdə Gürcüstanda, Türkiyənin Tiflisdəki Hərbi Attaşeliyində, həmçinin Türkiyə Böyük Millət Məclisinin Qafqaz Siyasi Nümayəndəliyində çalışır. 1927-ci ildən Tehranda Hərbi Attaşelikdə, bir müddət Milli Əmniyyət Təşkilatının İstanbul və Diyarbəkir bölgələri üzrə müfəttişliyində, 1934-cü ildən Vyanadakı Hərbi Attaşelikdə, 1937-ci ildən Xarici İşlər Nazirliyində və digər mühüm vəzifələrdə işləyir, kurmay yarbay hərbi rütbəsinədək yüksəlir. H.Tuğac üç dəfə Türkiyə Böyük Millət Məclisinə Cümhuriyyət Xalq Partiyasından Qars və Ağrı bölgəsindən millət vəkili seçilir. Türk dünyasının milli maraqları naminə vəzifə borcunu şərəflə yerinə yetirmiş Hüsaməddin Tuğac 1920-ci ilin iyulundan 1923-cü ilin avqustunadək Atatürkün başladığı istiqlal savaşlarına qatılıb, millətin xilası və onun tərəqqisi, “mövcudiyyətinin yeganə təməli olan cümhuriyyət” (M.K.Atatürk) uğrunda dönməz mübarizlər sırasında yer alıb. Azərbaycan Milli Ordusunun yaranmasında və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında əməyi olan, tarixdə izi qalan Hüsaməddin Tuğac 1975-ci il yanvarın 5-də 86 yaşında vəfat edib.