Emin ağa Acalov

The basics

Quick Facts

PlacesAzerbaijan Georgia
Gender
Male
Birth1868, Georgia, Georgia
Death1937Gazakh, Qazakh District, Azerbaijan (aged 69 years)
The details

Biography

Emin Ağa Acalov (rusca: Эмин-ага Аджалов) - Borçalı Qarapapaq Türk Cümhuriyyətinin Başçısı 1918, Cənub-Qərbi Qafqaz Türk Respublikasının Dövlət başçısı (1919).

Həyatı

Emin ağa Borçalı 1868-ci ildə Borçalının Kəpənəkçi kəndində Hacallı nəslindən Ağanın ailəsində anadan olmuşdur. Həmin illər Borçalı mahalı Rusiya imperiyasının tərkibində idi və qəza statusunu almışdı.

Uşaqlığı və təhsili

Emin ağanın uşaqlığı Kəpənəkçi kəndində keçib. Uşaqlıqda 4 il dini təhsil almış, Quranı və ərəb əlifbasını öyrənmişdir. Yeniyetmə çağlarında gimnaziya təhsili alaraq rus dilini öyrənir. Sonra Ağbulaqda Meşə akademiyasını bitirir. Atasını erkən itirən Emin 17 yaşından atasından qalan təsərrüfatı idarə edir.

Gəncliyi

Emin ağa çox mərd, namuslu və daim haqq-ədalət tərəfdarı olduğundan el-obada və kəndlilər arasında çox sevilirdi. Emin ağa Borçalıda Novruz bayramı zamanı gənclər arasında keçrilən at yarışı zamanı birinci yerə çıxdığına görə gənc Emin ağanı Zaqafqaziya qubernatorunun yanına gətirirlər. Emin ağanın ağlına valeh olan qubernator onu Telavi qəzasına xüsusi tapşırıqlar üzrə məmur təyin edir. Emin ağa burada 1 il işlədikdən sonra öz istəyilə işindən ayrılaraq Borçalıya qayıdır.

Bir müddət sonra burada atışmada yaralansa da, özünü itirməyərək ona atəş açanlardan birini öldürüb, ikisini yaralayır.

Qaçaqlıq illəri

Təqib olunan Emin ağa istintaqdan qaçır və qaçaqılığa başlayır. Emin ağanın qaçaqılğa başladığını eşidən haqqı tapdalanan, Çar Rusiyası məmurlarının özbaşınalığına dözməyən Borçalı gəncləri Emin ağanın yanına gəlib onun dəstəsinə qoşulmaq arzusunda olduqlarını bildirirlər. Emin ağa onlardan yalnız 7 nəfərini seçərək qaçaqçılığa başlayır. Onlar Borçalı, Axısqa-Mesxeti (Axalkalaki, Bakuriani, Borjomi), İrəvan quberniyası, Gəncəbasar, Qars, İğdır, Ərdəhan, Ərzurum, Mərənd və Xoy ərazilərində qaçaqçılıq edir.

Bir neçə il qaçaqlıq edən Emin ağa Knyaz Tarxanovun Borçalı mahalına pristav təyin olunmasından sonra zamin müqabilində məhkəmə qərarı ilə əfv olunur.

Sonrakı həyatı

1898-ci ildə öz nişanlısını qaçırdığına görə həmin il aprelin 18-də Tiflis məhkəmə palatası tərəfindən bütün hüquq və imtiyazları əlindən alınmaq şərti ilə Həştərxana sürgünə göndərilməsi qərara alınsa da, həmin dövrdə qaçırılan knyaz Orbelianinin atlarının geri qaytarılmasındakı roluna görə sürgün cəzası bir ay həbslə əvəz olunur. Həbsdən azad olduqdan sonra doğma kəndi Kəpənəkçiyə qayıdan Emin ağa 1905-ci ilə kimi burada yaşayır.

Siyası fəaliyyəti

1905-1907-ci illər inqilabı zamanı Azərbaycanda olduğu kimi Borçalıda da ermənilərlə-Azərbaycan türkləri arasında milli münqaişə baş verir. Tiflisin Hallovar, Meydan məhəllələrində və Şulaverdə savaşlar daha gərgin vəziyyət alır. Əvvəlcə Emin ağanın məqsədi münaqişəni sakitləşdirmək olur. Lakin ermənilərin get-gedə azğınlaşdığını görən Emin ağa silaha sarılaraq Borçalı igidləri Abdallı kor İsmayıl, İsrafil ağa, Astan ağa, Darvazlı Mehralı , Cöyrə oğlu Qara və s. igidlərlə birlikdə Tiflisdə, Yekaterinfilddə (indiki Bolnisi), Xaçında və Şulaverdə xeyli sayda erməni quldurunu qətlə yetirir. 1907-ci ildə ruslar Borçalıya ordu yeridib burada hərbi vəziyyət yaradırlar. Bu rejim 1912-ci ilə kimi davam edir. Bu vəziyyətdə Emin ağanın yaxın dostu Borçalının digər məşhur qaçağı Abdallı kor İsmayıl onunla birgə qaçaqçılığa başlamağa, digər dostu, keçmiş qaçaq sonra isə Osmanlı ordusunun minbaşısı Darvazlı Mehralı Paşa isə onu Osmanlı ordusunda xidmətə çağırır. Emin ağa hər iki təklifdən imtina edərək Borçalıda qalacağını bildirir.

17 dekabr 1917-ci ildə ermənilər qəfildən Borçalıya hücum edirlər. Sadaxlı, Ləmbəli, Dəmyə Gorarxlı, Saral, Ağammədli və s. kəndlərdə savaş daha şiddətli idi. Emin ağanın da iştirak etdiyi savaşda Borçalılar ermənilərə böyük itki verdirib geri oturtdurlar. Həmin ilin 30 dekabrında Borçalının dağ Borçalı adlanan hissəsi Loru, Pəmbək və Cəlaloğlu rus hakimiyyəti tərəfindən neytral zonaya çevrilir və bir il sonra Ermənistana verilir.

1916-1917 ci illər arasında Emin ağanın Yekaterinfilddə (indiki Bolnisi) məskunlaşmış almanlarla üç dəfə vuruşması olur və hər dəfə də onları darmadağın edir.

1917-ci ilin sonları 1918-ci ilin əvvəlləri bir çox xalqlar Rus İmperiyası əsarətindən canını qurtarıb öz müstəqilliklərini elan etməyə çalışırdılar. İlk olaraq 1917-ci ildə Krım tatarları öz müstəqilliklərini elan edirlər. Ardınca isə Axıska (Mesxeti) türkləri öz muxtariyyətlərini qurduqlarını elan edirlər. Azərbaycan, Gürcüstan və Ermənistan öz milli müstəqilliklərini elan etməyə hazırlaşdıqları bir varxtda borçalılar da azadlığa çıxmaq istədiklərini açıq aydın dilə gətirirlər.

1917-ci ilin dekabrında Emin ağa, Borçalı Xeyriyyə cəmiyyətinin sədri Qurbanəli əfəndi Xəlilzadə, Borçalının həm sünni (Yusif əfəndi Allahyarzadə), həm şiə (Şeyx Məhəmməd Əli) qazıları ilə birgə Borçalı Qarapapaq Türk Cumhuriyyətinin yarandığını rəsmən elan edirlər.

1918-ci il mayın 26-sı Gürcüstan, 28-i isə Azərbaycan öz müstəqilliyini elan edir. 1918-ci il mayın əvvəlində Azərbaycana yardıma gələn Osmanlı ordusunun paşaları Nuru və Ənvər paşaları Cəlaloğlunda qarşılayıb onları Qazağa qədər ötürən Emin ağa onlar vasitəsilə Osmanlı sultanı Abdüləzizə, daha sonra isə Azərbaycan dövlətinə müraciət ünvanlayaraq onlardan yardım istəyir. Lakin, istədiyi yardımı ala bilmir.

Bir müddət sonra Osmanlı paşası 9-cu Ordu Komandanı Yaqub Şevqi Paşa 5 noyabr 1918-də Qarsda Emin ağa ilə görüşür və ona hər cür dəstək verəcəyinə söz verir.

Beləliklə, erməni və gürcülərin, alman və ingilislərin köməyi ilə gücləndiyini görən Emin ağa Borçalı Qarapapaq Türk Cumhuriyyəti adından 30 noyabr 1918-ci ildə Qarsda Ahıska Hökumətinin başçısı Osman Sərvər Atabəy və Araz Türk Cümhuriyyətinin (paytaxtı İğdır) başçısı Əmir bəy ilə görüşərək birləşmək qərarına gəlirlər. Dövlət federasiya şəklində olub “ Qars İslam Cümhuriyyəti ” adlanmağa başlayır. Qars Milli Şurası ikinci kongresi 30 Noyabr 1918-ci ildə toplanır. Kongres Ordubad, Naxçıvan, Qəmərli, Sürməli, Sərdarabad, Şurəgəl, Ahılkələk, Axısqa və Qarsdan gələn 60 nümayəndənin iştirakı ilə açılır. Kongresin 2-ci və 3-cü günlərində 10 nümayəndənin də əlavə iştirakı ilə bu say 70-ə çıxır.

Milli İslam Şurası Ümumi Mərkəzi adı ilə yerli bir hökumət də Kəpənəkçi Emin Ağa başqanlığında qurulur. Beləliklə

  1. Baş Nazir – İbrahim bəy Cahangir,
  2. Ərzaq naziri - Yusif Yusifoğlu,
  3. Ədliyyə naziri - Abbasəli Əlibəy,
  4. Maliyyə naziri - Məmməd bəy Soltanov,
  5. Daxili işlər naziri - Rza bəy,
  6. Xarici işlər naziri - Fəxrəddin bəy.

Emin Ağa Qarsda ilk Türk Müdafiə-i Hüquq Təşəkkülünün rəisi olaraq təmsilçilərin seçimlərində imza səlahiyyətinə sahib idi. Hal-hazırda Osmanlı arxivində Emin Ağanın imzası sənədlər, bəlgələr qorunmaqdadır.

Emin ağa dövlətin xarici dövlətlər tərəfindən tanınması üçün əlindən gələni əsirgəmirdi.Onlar qonşu dövlətlərə teleqramlar göndərib onlardan kömək və rəsmən tanınmalarını istəyirdilər.

8 Dekabr 1918 tarixində “ Qars İslam Cümhuriyyəti ” adından Qars-İstanbul-Tokyo (Yaponiya) xətti ilə vurulan (Fransızca) teleqramlardan birinin surəti belədir :

Hörmətli Yaponiya İmperatoru Həzrətlərinə !

Asiya Asiyalılarındır davasının ələmdarı sifəti ilə Sizə müraciət edirik ki, Qars İslam Hökumətinin mövcudiyyəti siyasətini tanınmasında müzahirətinizə mazhariyyəti bir Asiyalı olaraq rica edirik ! 18 Dekabr 1918 miladi.

“ Qars İslam Cümhuriyyəti ” Sədri Emin Borçalı.
1918-ci il dekabrın 7-də Borçalıda və Ahılkelek-Ahıska da ermeni-gürcü dəstələri azğınlaşaraq türklərə (azərbaycanlılarla və ahıskalılara) hücum edir. Qanlı savaşların gücləndiyi bir vaxtda Emin ağa Şövkət Paşa və İzzət Əfəndi ilə Borçalıya dönür.

Emin ağa, Borçalı sakinləri həm Rus əsgərləri həm Borçalıda məskunlaşan almanlarla həmdə erməni gürcü dəstələrilə münaqişə apardığını görüb tez bir zamanda Borçalı gənclərindən ibarət Milli Şura yaradaraq düşmənlərlə ölüm dirim savaşına başlayır. Borçalının bütün say seçmə oğulları bu cihad müharibəsində iştirak edirlər. Borçalılar çoxlu şəhid verir. Bu döyüşlər zamanı yaşı 50-ni keçməsinə baxmayaraq Emin ağa döyüşlərdə böyük şücayətlə vuruşurdu. Belə savaşların birində Emin ağanın yaxın dostu Astan ağa qəhrəmancasına şəhid olur, digər bir dostu Abdallı kor İsmayıl isə ağır yaralanır. Bundan bərk qəzəblənən Emin ağa gecə 40 igid döyüşçü ilə ermənilərin düşərgəsinə hücum edərək onların 200 döyüşçüsünü qətlə yetirir. Borçalı Milli Şurasının döyüşçüləri Yekatrinfilddə (İndiki Bolnisi) almanları darmadağın edir, ermənləri isə böyük itkilər verdirərək geri otuzdurur. 1919-cu il yanvarında dövlətin növbəti qurultayında dövlətin adı dəyişilərək “ Cənub-Qərbi Qafqaz Türk Respublikası ” olur. Dövlətin ərazisi 40 min kv. km. əhalisinin sayı isə 1.8 mln. nəfər idi. Ordunun sayı 3 000-dən 8 000-ə artırılır. Dövlətin daxilinə Qars, Ərdahan, İğdır, Naxçıvan, Borçalı, Ahıska, Ağbaba, Amasya, Batum vilayətləri daxil idi. Hökumətin 18 bənddən ibarət konstitusyası,12 nazirdən ibarət nazirlər kabineti, 131 millət vəkili, gerbi və üzərində ay ulduz olan yaşıl, qırmızı rəngli bayrağı təsdiq olunmuşdu. Rəsmi dövlət dili Türk dili idi.

Emin Ağa məsləkdaşları Cahangiroğlu İbrahim Bəy və Sami Bəylə bərabər yaratdıqları dövlətin dayaqlarını gücləndirmək və genişləndirmək üçün xalqı erməni və gürcü təhlükələri qarşısında birlik və bərabərliyə çağırır və bu məqsədlə Naxçıvana doğru hərəkət edir, yol boyu dövlətin qəbul etdiyi qərarları oxuyurlar və Araz çayı boyunca yeni şöbələr açırlar. Dövlətin günü-gündən güclənməsi İngilisləri çox narahat edirdi.Onlar bölgədə güclü bir Türk dövlətinin yaranmasını istəmirdilər.Beləcə 1919-cu il 13 aprel İngilis qoşunları Qarsı işğal edərək “ Cənub-Qərbi Qafqaz Türk Respublikası ” nın varlığına son qoydular.Dövlət başçıları həbs olunub Maltaya sürgün olundular. Dönəmin Azərbaycan Xalq Cumhuriyyətinin Baş Naziri olan Fətəli Xan Xoyski Emin ağanın ona zamanında etdiyi yaxşılıqları unutmayaraq müttəfiqləri olduğu İngilislərdən onu sürgündən xilas edib, cəzasını vətəni Borçalıya yaxın Tiflis həbsxanasında çəkməsinə nail olur. Beləliklə, Borçalı Paris konfransından sonra Azərbaycanla Gürcüstan arasında mübahisəli torpağa çevilsədə 1920-cu ildə Stalinin təkidi ilə Gürcüstana verilir. Bir müddət Metex qalasında cəza çəkən Emin ağa oradan qaçaraq gecə həbsxana rəisinin evinə gələrək ona deyir: "Görürsənki azadlıqadayam, mən asanlıqla can verən deyiləm.İstəyirsiz məni təkrar həbs edin, istəyirsiz buraxın." Emin ağanın bu şücayətini görən rəis ona – "səni bir şərtlə buraxaram ki, Tiflisdən çıxasan" - deyir. Bundan sonra Emin ağa Qazağa gəlir və ömrünün sonuna qədər burada yaşayır. O, 1937-ci ildə vəfat edir. Onun qəbri Qazağın Qarapapaqlar kəndindədir.

Ədəbi fəaliyyəti

Emin Ağa sadəcə toplumsal fəaliyyətlərlə kifayətlənməmiş, eyni zamanda Borçalının mədəniyyət və ədəbiyyat ortamında özünü təsdiqləmişdi. Gözəl saz çalıb oxuyurmuş, şeirlər qoşurmuş.

Qeyd: Gürcüstan Dövlət Muzeyində Emin Ağanın təqdim etdiyi "Borçalı Qadınının Geyimi" adlı etnoqrafik eksponat qorunmaqdadır .

Emin Ağa'nın 1912 ilində Tiflisdə Azərbaycan dilində yayımlanmış "ﻥﺎﻳﻭﺍ ،ﯼﺪﺴﺑ" / "Bəsdi, Oyan!" kitabı onun ədəbi yaradıcılığının əyani göstəricisidir.

Kitabın üz səhifəsi:

!ﻥﻳﻭﺍ ،ﯼﺪﺴﺑ / Bəsdi, Oyan! ﻪﻳﺎﮑﺣ ﯽﻠﻣ / milli hekayə ﺮﻌﺷ / şeir

ﯼﺮﻴﺷﺎﻧ ﻭ ﻒﻟﺆﻣ / müəllif və naşiri:

ﻑﻮﻴﻠﻋ ﯽﺟﺎﺣ ﺎﻏﺍ ﻦﻴﻣﺍ / Emin Ağа Hacı Alıyev ﻚﭙﻗ ۱۵ :ﯽﺘﻤﻴﻗ / Qiyməti: 15 qəpik. ﯼﺪﻧﻮﻟﻭﺍ ﭖﺎﭼ ﻩﺪﻨﺳﻪﻌﺒﻄﻣ «ﻕﺮﺷ» ﻩﺪﺴﻴﻠﻔﺗ / Tiflis'də «Şərq» mətbəəsində çаp olundu. ۱۹۱۲ ﯼﺩﻼﻴﻣ ﺔﻨﺳ ٭ ۱۳۳۰ ﯼﺮﺠﻫ ﺔﻨﺳ / Sənə hicri 1330. Sənə milаdi 1912

Kitabın və əsərin "Bəsdi, oyan!" adlandırılması və milli hekayə olaraq tanıdılması təsadüfi deyildi. 20-ci yüzilin başlarında "Bəsdi", "Oyan", "Millət", "Qeyrət", "Hürriyyət" kimi çağırış ünləmli kəlmələrin ədəbiyyatımızda, öncəliklə də, şeirdə sıx-sıx işlənilməsinə dəstək olaraq, Emin Ağa Hacallı da Borçalıda "Bəsdi, Oyan!" ünləmini (nidasını) kitab, əsər başlığı seçməklə ulusu cəhalətdən qurtulmağa səsləmişdi.

Önsözdə oxuyuruq: "Hər kəsin borcudur, əlindən gəldiği qədər hər növ ilə olmuş olsa, bəşərə, ələlhüsus, öz millətinə kömək eləsin. Nə fayda ki, əcdadlarımız bizi naşı qoymuşlar, məramımızı ifadə etməyə dil və qələmimiz yoxdur. Bununla belə, millətimizin bugünkü halına baxanda insan sakit dura bilmir, odur ki, bəndeyi-hakir də bu balaca kitabçayı yazıb nəşrinə iqdam etdim..."

Mənzum hekayənin olay örgüsündə Borçalı gənci Fərhadın başına gələnlər dilə gətirilir. O, on yaşında elmə yiyələnməyi fəhm qılır, ana-atasından rica edir ki, onu oxutsunlar. Atası Mahmud oğlunun bu sözlərini cin, şeytan sözü qəbul edir, əsəbiləşir, onu evdən qovur. Fərhad meşədə elm qədri bilən, zəngin bir ovcuya rast gəlir. Rəşid adında bu ovcunın övladı yoxuymuş, Fərhadı oğulluğa götürür, mal-mülkünün yarısını ona vasiyyət edir, onu oxumağa həvəsləndirir. Fərhad gimnazya bitirib həkimlik öyrənmək üçün Paris'ə gedir. Paris'də yeddi il oxuyub, fənnə kamil olur. Orada bir milyonçu xəstəyə şəfa verir, pul qazanır. Bu aşamada Rəşid də ağır xəstələnir, Fərhad məmləkətə dönür, Rəşid'in dərdinə əlaç tapır, üç gündən sonra Rəşid ayağa qalxır. Fərhad'ın gəlişinə qurbanlar kəsilir, məclis qurulur. Mahmud da xanımı Fatma ilə məclisə gəlir. On səkkiz illik ata-oğul, ana-oğul həsrəti sona çatır.

Əsərin sonunda "ﻢﻳەﺪﻨﻤﻠﻌﺗ ﯽﻟﺎﭼﺭﻮﺑ" / "Borçalı təlimindəyəm" deyə Borçalının anılmasıyla məzmun Borçalı gerçəkliyinə bağlanır.

Qəhrəman Fərhad dövrünün elmə, təhsilə meyilli gənçliyinin təmsilçisidir:

Ay atacan, çək zəhməti, oxuyum, olum adam,
Nə üçün yaranmışıq, dünyadan bir şey dadam.
Oxusam mən səbəb ollam bağlı qapı açmağa,
Bu qaranlıq heyməmizə ləl, gövhər saçmağa.

və ya:

Eşidin, ay islamlar, elmsiz şəxs adam deyil,
Gözü var, görməz heç şey, özü də xoş qədəm deyil.
Atın bu boş fikirləri siz, yürüyək elmə sarı,
İnsana fərzdir üç şey: elm, ədəb, peşə barı.
Buyurmuş Həzrəti Rəsul: "Mən mat fi taləp-əl elm şəhid" -
Hər kəs elmin uğrunda ölürsə, olacak şəhid...

və ya:

Bilin və eşidin, millət, elm lazımdır bizlərə, - söyləyir.

Əsərdə rəğbət doğuran ikinci xarakter - Rəşid Əmi elmin, elm dalınca gedən gənclərin himayəçisidir. Fərhad elmin açarının Rəşid Əmi kimi əşrəflər əlində olduğunu sayqıyla bildirir, yetişdiyi dərəcəyə görə ən öncə ona təşəkkür edir:

Məni girdabi-gəflətdən götürən gəmiyə sənsən, Bu qədər çıraq işığı yetirən hər kəsə sənsən.

Borçalı balasının elm, təhsil üçün Paris'ə getməsi Avropa mədəniyyətini təqdirdən irəli gəlmişdi.

"Bəsdi, Oyan!" əsəri aşağıdakı misralarla tamamlanır:

Xudaya, saxla yazanı, oxuyuban dinləyəni,
Borçalı təlimindəyəm, yazardım bundan iyi yəni.
Emin, dua et subhi şam, sənin də Fərhad'ın bulsun,
Tək elmdən bir şey çıxmaz, elm ilə ağlı da olsun.

Nəticə

"Hər kəsin borcudur, əlindən gəldiyi qədər hər necə olmuş olsa, bəşərə, öncəliklə, öz millətinə kömək eləsin". Kəpənəkçi Emin Ağanın bu sözləri, onun xarakterini sərgiləməkdədir. Ömrünü Borçalıda millətinin istiqbalı uğrunda sərf etmiş olan, Qars İslam Şurasında önəmli görəvlər yerinə yetirmiş, bu Şuranın təşkilatlanmasında önəmli rol oynamış Emin Ağa xidmətləri müqabilində tarix səhifələrində yerini almalıdır.

Mənbə

The contents of this page are sourced from Wikipedia article on 05 Jul 2020. The contents are available under the CC BY-SA 4.0 license.